Təhsildən kənarda qalan şagirdlər: Valideynlər Elm və Təhsil Nazirliyindən şikayətçidirlər

  • By Günel
  • 21 Oktyabr 2024 10:40

Bildiyimiz kimi 2024-2025 – ci il avqust ayında şagird yerdəyişməsinə start verilmişdir. Yerdəyişmə prosesi sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir. Elektron xidmətin yaradılmasında məqsəd məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım etməsidir.

Övladını digər məktəbə dəyişmək istəyən valideyn, ilk növbədə elektron sistemdə şəxsi kabinet yaradaraq övladını qeydiyyatdan keçirir. Bunun üçün müvafiq qruplar və siniflər üzrə boş yerə elektron sorğu yerləşdirir. Bundan sonra elektron sistemdə şagirdin yerdəyişməsi barədə əvvəl oxuduğu məktəbə avtomatik bildiriş göndərilir. Valideyn “Sorğularım” bölməsində aktivləşən ərizəni 2 nüsxədə (bir nüsxə şagirdin təhsil aldığı məktəbə, digər nüsxə isə şagirdin yerdəyişmə etmək istədiyi məktəbə təqdim olunur) çap edərək imzalayıb şagirdin təhsil aldığı məktəbə yaxınlaşır. Məktəb direktoru tərəfindən elektron ərizə əsasında şagirdin məktəbdən çıxması əmrləşdirilir və elektron portalda qeyd olunur. Bundan sonra valideyn ərizə və şəxsi işlə birlikdə 5 iş günü ərzində şagirdin yerdəyişmə etmək istədiyi məktəbə təqdim edir və yerdəyişmə prosesini yekunlaşdırır.

Ancaq hazırda yeni iş təyinatı alan və bununla əlaqədar yaşayış yerini dəyişməsi ilə bir çox ailələrin övladları elekton qeydiyyat sistemi bağlı olduğuna görə təhsillərini davam etdirə bilmirlər və bundan şikayətçidirlər. Qubadan, Gəncədən köçən ailə məsafə uzaq olduğundan nə geri qayıda bilmirlər, nə övladlarını məktəbə qoya bilirlər. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən valideynlərə bildirilib ki, sistemə şagird yerləşməmiş sinifdə otura bilməz. Onlar nazirlikdən sistemin açılmasını tələb edirlər. Təhsil idarəsindən valideynlərə deyilib ki, hər gün sistemi yoxlayın, 4-5 gün ərzində (oktyabrın 18 -nə kimi) açılacaq. Lakin vəziyyət hələ də stabil olaraq qalıb.

Elm və Təhsil Nazirliyinin 146 – 1 nömrəli qaynar xəttinə müraciət edən Gununsesi.info – nun əməkdaşına bildirilib ki, bu ayın sonuna qədər (oktyabr) sistem açılacaq və ictimaiyyətə məlumat veriləcək.

Əgər elektron xidmətin yaradılmasında əsas məqsəşagirdlərin hərəkəti prosesinin sadələşdirilməsi  və vətəndaşın məmnuniyyətini təmin etməkdirsə, sistemin bağlı olması səbəbi ilə niyə şagirdlər aylarla təhsildən kənarda qalmalıdır? Onlar dinləyici kimi sinifdə otura bilməzlərmi?

Gununsesi.info – ya danışan Təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2014 – cü il 6 noyabr tarixli kollegiya qərarı var. Həmin qərara əsasən şagirdlərin təhsil müəssisələrinə qəbul və yerdəyişməsi qaydaları müəyyən olunub:

Elçin Əfəndi

“Əlbəttə, burda qaydalar çərçivəsində şagirdlər müvafiq dövr ərzində yerdəyişmədə iştirak edirlər. Bu da əsasən siniflərin komplektləşdirilməsi prosesi dövründə dayandırılır. Yalnız komplektləşdirmə başa çatdıqdan sonra yerdəyişmə prosesi yenidən həyata keçirilir. Hal-Hazırda tədris ilinin başlanmasına baxsaq təxminən 1 aydan artıq vaxt keçib və komplektləşdirmə prosesi aparılıb. Bir müddət sonra ola bilər növbəti həftə, yaxud ondan sonrakı həftə artıq şagird yerdəyişməsi cari ilin sonuna qədər yenidən başlayacaq, yəni birinci yarımil başa çatana qədər bu proses yenidən başladılacaq. Ondan sonra növbəti komplektləşdirmə ilə bağlı dayandırılacaq.”

Təhsil eksperti qeyd edib ki, əgər valideyn yaşayış yerini dəyişibsə, məsələn, rayondan Bakıya köçübsə, yaxud Bakıdan rayona köçübsə, müvafiq Təhsil İdarəsinə müraciət etməlidir:

“Əgər rayona köçübsə, Regional Təhsil İdarəsinə, Bakıya köçübsə, Bakı Təhsil İdarəsinə müraciət etməlidir. Və həmin şagird müvafiq yerdəyişmə etmək istədiyi məktəbdə yer varsa, təbii ki, Bakı Təhsil İdarəsində həmin şagirdin yerdəyişməsinə baxılacaq. Yox yoxdursa, əlbəttə ki, bu zaman hansı məktəbdə yer varsa, o təklif oluna bilər. Hal- hazırda yenə deyirəm proses “online” qaydada dayandırılıb. Ola bilsin 1-2 həftəyə proses başladılacaq. Birdən- birə köçmə məsələsi sistemin dayanmasına təsadüf edibsə, digər tərəfdə də, məsuliyyətsizlik var, çünki  yerdəyişmə prosesi dayandırılmamışdan əvvəl müraciət edə bilərdilər. Əgər indi gəliblərsə, baxmayaraq ki, elektron yerdəyişmə prosesi dayandırılıb, aidiyyəti qurumlar şagirdin yerdəyişməsinə baxmalıdırlar.

Mən məsləhət görərdim ki, bununla bağlı müraciət edən şəxslər Məktəbəqədər və Ümum Təhsil üzrə Dövlət Agentliyinə müraciət etsinlər. Yəqin ki, aidiyyəti üzrə məsələyə baxılar və araşdırılar”.

Məsələ ilə bağlı Gununsesi.info – ya danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, şagirdlərin yerdəyişməsi ilə bağlı qaydalarda müəyyən çatışmazlıqlar var. Və bu qaydalar ildən-ilə olmasa da, heç olmasa 3 – 5 ildən bir işlənməli və yenidən formalaşdırılmalıdır:

Elmin Nuri

“Məsələn, orta məktəbdə dərsliklərdə müəyyən bir dəyişikliklərlə bağlı boşluqların aradan qaldırılması, ümumiyyətlə, yeni formasiya keçirilməsinin müddəti  5 ildir. Tutaq ki, Azərbaycan dili 2 – ci sinif üzrə dərsliklərdə müəyyən bir yanlışlıq varsa və həmin dərsliklərdə, dərsliyin məzmumununda xətalar varsa, bunun üçün 5 il müddətində proqram işlənib hazırlanır. Bizim mövzumuz bu deyil, bunun səbəbinə toxunmuram da, sadəcə ona görə misal olaraq dedim ki, heç olmasa bəzi qaydalarda da istər məktəbəqədər təhsil müəssisələrinə, yəni  bağçalara qeydiyyat və yerdəyişmə qaydaları, həmçinin məktəbəhazırlıq qruplarına qəbul qaydaları, o cümlədən bizim mövzumuz olan şagird yerdəyişməsi qaydalarına müəyyən bir dəyişikliklərin olunması problem olmaz”.

Elmin Nuri qeyd edib ki, biz  dünya təcrübəsinə baxmalıyıq:

“Dünya təcrübəsinin özümüz üçün tətbiq edəcəyimiz müsbət elementləri var. Bunlar işlənib yenidən hazırlana bilər, çünki dünya təhsili özünün məzmununa, innovativliyinə, yaradıcı yanaşmasına görə bir yerdə durmadığı, ildən – ilə yeniləndiyi üçün onun qaydalarında da tez -tez dəyişikliklər həyata keçirilir. Bəs, bizdə niyə olmasın? Biz hər il şagird yerdəyişməsi ilə bağlı müəyyən problemləri oxuyuruq, eşidirik və səsləndiririk. Hər ildə eyni problemlərdi, sadəcə şikayətçilər fərqli – fərqli insanlardılar. Madam ki, problemlər eynidirsə, deməli həmin maddələrdə boşluqlar var. Bunun üzərində işlər aparılmalıdır. Mən çox istərdim ki, bu günlərdə valideynləri yerdəyişmə qaydaları ilə bağlı marahat edən detallar aradan qaldırılsın. Bunlardan biri də sistemin yalnız müəyyən müddətdə işlək olmasıdır.  Bilirik ki, şagird yerdəyişməsi sy.edu.az portal vasitəsi ilə həyata keçirilir. Haqq olaraq deyək ki, şagird yerdəyişməsi prosesində elektron qeydiyyat bağçalara qəbuldan dəfələrlə asandır. İnsafən bunu demək lazımdır, amma bu məsələnin texniki tərəfidir”.

Ekspert vurğulayıb  ki, məsələnin daha vacib tərəfi valideyn və şagird amilinin tam şəkildə nəzərə alınmasıdır:

“Məsələn, şagird yerdəyişməsində belə bir qayda var ki, nəinki bir məktəbdən başqa məktəbə, eləcə də eyni məktəb daxilində bir sinifdən, başqa sinfə şagirdin yerdəyişməsi üçün yenə elektron qaydada müraciət etmək lazımdır. Yaxşı belə bir sual yaranır, tutaq ki, “X” adlı bir şagird oxuduğu  sinifdə bullinqə məruz qalır və ümumiyyətlə həmin sinfin təhsil göstəriciləri ordakı uşaqların istər davranış, istər tədrisə olan münasibətləri onu və valideyni qane etmir. İstəyir ki, həmin sinfə paralel olan digər sinfə keçirilsin və daha yaxşı tədris göstəricilərinə sahib olsun.  İndi bu uşaq nə etməlidir, yaxud valideyn nə etməlidir? Gözləməlidir ki, sistem ildə 1 dəfə qısa müddətə açılacaq, onda  bu fürsətdən yararlansın, axı bu doğru deyil”.

Təhsil eksperti bildirib ki, şagird yerdəyişməsinin elektron sürətdə həlli bir çox neqativlərin qarşısını aldı:

“Həmin neqativlər hamıya məlumdur. Biz buna toxunmuruq, 7- dən 77 -yə bunu hamı bilir. Tam alınmasa da, xeyli sürətdə bu işə mane olmağı bacardı. Haqqına olaraq bunu da biz deməliyik. Ancaq il ərzində sistemin açıq qalmasında nə böyük qəbahət var ki? Deyə bilərlər ki, il ərzində sistem açıq olsa, burda  bir xaos yarana bilər, onda hər kəs istədiyi vaxt daxil olub bu məktəbdən o məktəbə, o sinifdən, bu sinfə keçə bilər. Biz bunun da müəyyən bir formatını tapa bilərik. Sistem il ərzində açıq olduqda, orda təbii ki, müəyyən bir mexanizmlər nəzərə alınmalıdır. Orda şagirdin yerdəyişməsini sürətləndirən, onu təcili hala çevirən fors major hallar əsaslandırılmalı və buna əsasən komissiya tərəfindən qərar verilməli və onun keçidi sürətlənməlidir.

Ekspert vurğulayıb ki, bizdə müəyyən bir ixtisaslar var ki, onlar bir yerdən digər yerə təyinat xarakteri daşıyır:

“Əsasən bu hərbi sistem, müəyyən güc sistemləri, ümumiyyyətlə funksiyasından təyinat olan bir çox peşələr var. Elə hərbçiləri demək kifayətdir. Bir hərbçi paytaxtda fəaliyyət göstərirsə, o qısa müddətdən sonra hər hansı bir regionumuza təyinat alırsa, bu zaman onun uşağının aqibəti necə olacaq? Biz bu məsələləri dərindən incələməli və müəyyən monitorinqlər apardıqdan sonra çıxış yollarını tapmalıyıq. Bu istər texniki cəhətdən, istər təşkilatı cəhətdən o qədər də çətin bir şey deyil.  Sual yarana bilər ki, sistemin il ərzində açıq olması praktik cəhətdən mümkün deyil. O zaman fors – major hallarda şagird yerdəyişməsinin həyata keçirilməsi  üçün müəyyən bir tətbiq irəli sürülməlidir. Və bu xüsusi arayışlardan sonra sistemin aktivləşməsinə gətirib çıxarmalıdır. Deyək ki, valideynin iş yerinin dəyişməsi, bir nöqtədən, digər nöqtəyə, təyinat alması uşağın hazırda oxuduğu yerdə sağlamlıq göstəricilərinin o qədər də uyuşmaması, deyək ki, Bakıda iqlim eynidir, amma uşaqdır bir yerdən başqa yerə gedəndə uşağın səhhətində problem yarana bilər. O qədər sağlamlıq cəhətdən zəif -astma  və sair xəstəliyi olan var ki… bu insanlar başa düşülməlidir. Bu şagirdlər üçün də şagird yerdəyişməsinin fors- major qaydaları hazırlanmalıdır”.

Ekspert qeyd edib ki, ölkədə şagird yerdəyişməsi ümumi xarakter daşıyır:

“Bu günləri Azərbaycanda orta məktəbdə 1- ci sinifdən 11- ci sinfə qədər 1, 6 milyona yaxın şagird təhsil alır. Yəni şagird yerdəyişmə qaydaları 1,6 milyonu əhatə edə bilməz. Burda müəyyən qruplar, həssas qruplar var. Digər məsələlər var. Həssas qruplar üçün bunlar ayrıca hazırlanmalıdır. Və texniki tərəflərinə də baxılmalıdır, əl gəzdirilməlidir. Doğrudur, bu sistem yarananda əvvəlki illərdə texniki problemlər daha çox idi, sistem çökürdü, yüklənmə olurdu. İndi bu problemlər aradan qaldırılıb. İldən-ilə biz texniki cəhətdən inkişafı hiss edirik. İndi bunun məzmun və əhatəlilik baxımından da inkişafını hiss edə bilmərik?”.

Günel Həsənova

Gununsesi.info