
Belarusda Aleksandr Lukaşenkoya qarşı sui-qəsd hazırlamaqda ittiham edilərək həbs olunan ABŞ vətəndaşı Yuri Zenkoviç azadlığa buraxılıb.
Bu barədə Gununsesi.info CNN-ə istinadən xəbər verir.
Zenkoviç 2021-ci ildə Moskvada həbs olunub, sonra Minskə aparılıb və burada Lukaşenkoya qarşı sui-qəsd hazırlamaqda ittiham edilib.
ABŞ Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, Zenkoviçin azadlığa buraxılması məhbus mübadiləsinin nəticəsi olmayıb. Onun Belarusdan çıxarılmasında ABŞ rəsmiləri, o cümlədən dövlət katibinin Avropa məsələləri üzrə köməkçisinin müavini Kris Smit iştirak edib. Zenkoviç Belarus həbsxanasından azad ediləndən sonra Litvaya aparılıb.
ABŞ dövlət katibi Marko Rubio Zenkoviçin azadlığa buraxıldığını təsdiqləyib, lakin adını açıqlamayıb.
Zenkoviçin həyat yoldaşı Yelena Denisovets CNN-ə bildirib: “Bu günün gələcəyinə inanırdım. 1480 gün sürdü, amma o, sağ qaldı və nəhayət, evinə – mənim yanıma və Amerikaya qayıdır.”
2025-ci ilin fevralında Kris Smit Belarusa gizli səfər edib və adı açıqlanmayan ABŞ vətəndaşı da daxil olmaqla 3 siyasi məhbusu özü ilə aparıb.
Qeyd edək ki, ABŞ tərəfi bu proses çərçivəsində Belarus hakimiyyətinə qarşı tətbiq edilən sanksiyaların yumşaldılmasını təklif edib.
Şəbnəm