Dünyanın ən yaşlı qadını 116 yaşında vəfat edib

Dünyanın ən yaşlı qadını hesab olunan braziliyalı İna Kanabarro Lukas 116 yaş 326 günlük ömründən sonra vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə uzunömürlülərin qeydi ilə məşğul olan LongeviQuest təşkilatı məlumat yayıb.

İna Lukas Braziliyanın Porto Aleqri şəhərində dünyasını dəyişib. Onun ölümündən sonra Braziliyanın ən yaşlı insanı 114 yaşlı İzabel Rosa Pereyra, dünyanın isə ən yaşlı insanı 115 yaşlı ingilis qadın Ethel Katerhem hesab olunur. Katerhem hazırda İngiltərənin Surrey bölgəsində yaşayır.

İna Kanabarro Lukas 8 iyun 1908-ci ildə San-Fransisko-de-Assis şəhərində dünyaya gəlib. O, Braziliya tarixində tanınmış şəxsiyyətlərdən olan general Devid Kanabarronun nəvəsi olub. Körpəlik dövründə sağlamlıq problemləri səbəbilə onun sağ qalacağına dair ciddi şübhələr olsa da, zamanla bu proqnozların əksinə olaraq uzun və aktiv bir həyat yaşayıb.

16 yaşında dinlə məşğul olmağa başlayan İna, 1926-cı ilin aprelində vəftiz olunub və 1934-cü ildə rahibə olub. O, uzun illər portuqal dili və riyaziyyat fənlərindən dərs deyib, professor kimi fəaliyyət göstərib, eyni zamanda dini missiyalarda da iştirak edib.

2018-ci ildə 110 illik yubileyini qeyd edən İna Papa Fransiskdən apostol xeyir-duası alıb. O, uzunömürlülüyünü hər zaman Allaha olan inancı ilə əlaqələndirib.

Qeyd edək ki, İna Lukas 2024-cü ilin dekabrında 116 yaşlı yapon qadın Tomiko İtukanın vəfatından sonra dünyanın ən yaşlı insanı olmuşdu.

 

 

Günel

Gununsesi.info