Başlıbel faciəsindən 32 il ötür - VİDEO

  • By Günel
  • 18 Aprel 2025 00:30

Bu gün Başlıbel faciəsinin ildönümüdür.

Gununsesi.info xatırladır ki, Kəlbəcərin işğalı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğından 32 il ötür.

1993-cü ilin aprelin əvvəllərində Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilməyib və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınmışdılar.

Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Nəticədə sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

Başlıbel faciəsi ilə bağlı məlumatlar ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatında da yer alıb.

Azərbaycan Vətən müharibəsində torpaqlarını işğaldan azad etdikdən sonra Başlıbel kəndinə dron vasitəsilə baxış keçirilib. Baxış zamanı, həmçinin kənd ərazisində işğaldan əvvəl mövcud olmuş bütün yaşayış evlərinin, inzibati binaların, infrastrukturun tamamilə bünövrəsinə kimi dağıdıldığı aşkar edilib.

Respublika Baş Prokurorluğunda aparılan cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, Azərbaycanın digər rayonları ilə yanaşı, 1993-cü ilin aprel ayının əvvəllərində Ermənistan Silahlı Qüvvələri hərbi təcavüzlə Kəlbəcər rayonunu işğal edərkən həmin rayonun Başlıbel kəndində mülki əhaliyə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdiriblər.

Ermənistan silahlı qüvvələrinin avtomat və iri çaplı silahlarla silahlanmış ünsürləri öz azğınlıqlarını davam etdirərək 18 aprel 1993-cü il tarixdə silahsız mülki şəxslərin öz doğma kəndlərində qayalara sığındığı yerləri axtararaq aşkar edib, həmin gün saat 15-dən 21 radələrinədək köməksiz vəziyyətdə qalmış mülki şəxslərin gizləndiyi mağaraları atəşə tutmağa başlayıblar. Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1 nəfər 12 yaşlı uşaq, 1 nəfər 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın, 6 kişi olmaqla) – 63 yaşlı Yaqub İsa oğlu Səmədov, 54 yaşlı Büsat Əliş qızı Əhmədova, 12 yaşlı Zövqiyyə Binnət qızı Əhmədova, 60 yaşlı Məhəmməd Abış oğlu Əmralıyev, 29 yaşlı Surxay Məhəmməd oğlu Əmralıyev, 21 yaşlı Çingiz Məhəmməd oğlu Əmralıyev, 16 yaşlı Aygün Məhəmməd qızı Əmralıyeva, 67 yaşlı Çiçək Mikayıl qızı Həsənova, 68 yaşlı Gülara Cəfər qızı Cəfərova, 95 yaşlı Gülgəz Qədim qızı Cəfərova, 22 yaşlı Vüqar İsa oğlu Abdullayev və 52 yaşlı Əhliman Əvəz oğlu Əsgərov sığındıqları yerdə qəsdən öldürülüblər.

Hücum nəticəsində 14 nəfər (3 nəfər 2, 13 və 15 yaşlı uşaqlar, o cümlədən 10 qadın, 4 kişi) – 93 yaşlı Kubra Qədim qızı Babayeva, 23 yaşlı Arzu Binnət qızı Əmralıyeva, 56 yaşlı Binnət Əbdüləli oğlu Əhmədov, 13 yaşlı Niyyət Binnət oğlu Əhmədov, 15 yaşlı Şərqiyyə Binnət qızı Əhmədova, 56 yaşlı Zibeydə Abış qızı Əmralıyeva, 67 yaşlı Leyli Əli qızı Həsənova, 58 yaşlı Mərmər Cavad qızı Həsənova, 63 yaşlı Şamama Hüseyn qızı Həsənova, 36 yaşlı Zeynəb Mahmud qızı Həsənova, 63 yaşlı Tutu Alı qızı Qasımova, 2 yaşlı Hökmdar Surxay oğlu Məhəmmədov, 73 yaşlı Şamama Ağa qızı Yusifova və 65 yaşlı Hüseyn İbrahim oğlu Mənsimov girov götürülüb. Həmin şəxslər sonradan girovluqdan azad edilsələr də, onlardan 9 nəfəri aldıqları mənəvi və psixoloji sarsıntılardan vəfat ediblər.

İstintaq materialları ilə, həmçinin müəyyən edilib ki, cinayətkar qruplaşmanın üzvlərinin əlindən digər mağaralara qaçaraq gizlənən və canını qurtarmağa çalışan 36 şəxsdən 7 nəfəri də, mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində dünyasını dəyişiblər.

Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənib, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq 12 may 1993-cü ildə gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə (hər cərgədə 6 qəbir olmaqla) qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar.

19 aprel 1993-cü ildən sonrakı tarixlərdə isə sağ qalmış 29 nəfər şəxs – 21 yaşlı Sevil Binnət qızı Əhmədova, 55 yaşlı Hümmət Əbdüləli oğlu Əhmədov, 45 yaşlı Ələkbər Ələsgər oğlu Ələsgərov, 36 yaşlı Sərmayə Sadıq qızı Ələsgərova, 16 yaşlı Habil Ələkbər oğlu Ələsgərov, 14 yaşlı Rüstəm Ələkbər oğlu Ələsgərov, 12 yaşlı Samirə Ələkbər qızı Ələsgərova, 9 yaşlı Tacirə Ələkbər qızı Ələsgərova, 33 yaşlı Xasay Məhəmməd oğlu Əmralıyev, 31 yaşlı Nərgiz Mənsim qızı Əmralıyeva, 6 yaşlı Elmdar Xasay oğlu Əmralıyev, 4 yaşlı Şəhriyar Xasay oğlu Əmralıyev, 27 yaşlı Elşad Həsən oğlu Əzizov, 25 yaşlı İsmət Hüseyn oğlu Əzizov, 23 yaşlı Mahir Məhyəddin oğlu Cəfərov, 58 yaşlı Qədim Muxtar oğlu Qədimov, 32 yaşlı Qəzənfər Mahmud oğlu Həsənov, 38 yaşlı Yahya Mahmud oğlu Həsənov, 25 yaşlı Həcər Əhliman qızı Əsgərova, 23 yaşlı Laləzər Əhliman qızı Əsgərova, 15 yaşlı Vəkil Əhliman oğlu Əsgərov, 23 yaşlı Cəllət Ağaverdi oğlu Abbasov, 19 yaşlı Səlim Yusifəli oğlu Mehdiyev, 22 yaşlı Məzahir Talıb oğlu Abbasquluyev, 23 yaşlı Ədalət Ərzuman oğlu Abbasov, 25 yaşlı Müzahim Məhərrəm oğlu Abdullayev, 23 yaşlı Xəlil Süleyman oğlu Əhmədov, 22 yaşlı Müşfiq Gülbaba oğlu Əsgərov və 23 yaşlı Füzuli Əkrəm oğlu Muradov 113 gün mühasirə həyatı yaşadıqdan sonra çətin dağ relyefinə malik yollarla Kəlbəcər rayonunun Çaykənd kəndinə, oradan Tərtər çayını və Qoşqar dağını keçməklə Daşkəsən rayonu istiqamətində meşələrlə irəliləyərək 1993-cü ilin iyul ayında Daşkəsən rayonunun Zivlən kəndinə çatıb və həyatlarını xilas edə biliblər.

Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən 24 aprel 2021-ci il tarixdə Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək 50 sm dərinlikdə torpağa basdırılmış kəskin çürüməyə məruz qalıb skeletləşmiş 12 nəfərin meyitinin qalıqları aşkar edilib.