Türkdilli ölkələr niyə Avropanı seçdi? - EKSPERT ŞƏRHİ

  • By admin
  • 17 Aprel 2025 16:36

Mərkəzi Asiyanın türkdilli dövlətləri Avropa İttifaqı ilə yaxınlaşmağa qərar veriblər.

Bu barədə aprelin əvvəli Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş görüşdə bəyan edilib: tarixdə ilk dəfə keçirilmiş Avropa İttifaqı-Mərkəzi Asiya sammitində.

Bu zirvə toplantısının sonunda birgə bəyannamə qəbul olunub.

Sənəddə ən diqqət çəkən məsələrdən biri isə Mərkəzi Asiya dövlətlərinin Şimali Kipr Türk Respublikasını rədd etməsidir.

Beləliklə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan Kiprin ərazi bütövlüyünü və suverenliyini tanıyıblar.

Qazaxıstan isə Kiprdə öz səfirliyini açacağını elan edib.

Bu ölkələr Azərbaycan və Türkiyə ilə birgə Türk Dövlətləri Təşkilatının üzvləridir.

Bu qurumda müşahidəçi kimi tanınmamış Şimali Kipr Türk respublikası da təmsil olunur.

Hələlik Türkiyənin bu məsəlyə münasibəti məlum deyil.

İlham Əliyev isə özünün son çıxışı zamanı Şimali Kiprdəki türk hakimiyyətinə dəstəyini ifadə edib.

“Azərbaycana gəlincə, Şimali Kiprdəki qardaşlarımızda heç bir şübhə yoxdur ki, biz sizinlə olacağıq. Sona qədər. Müstəqil dövlət qurulanadək. Və əlbəttə ki, beynəlaxalq ictimaiyyət tərəfindən tanınanadək”, – İlham Əliyev deyib.

Məsələ ilə bağlı siyasi şərhçi Şahin Cəfərli Gununsesi.info-ya danışıb.

Onun sözlərinə görə, indiki məqamda Mərkəzi Asiya ölkələrinin Türkiyənin mövqeyini müdafiə etməyini gözləmək real bir davranış olmaz:

“Bu zərurət bir neçə səbəb ilə əlaqədardır. İlk növbədə mən geosiyasi səbəbi qeyd edərdim. Məlum olduğu kimi, bu regionda, yəni Mərkəzi Asiyada ənənəvi olaraq Rusiyanın çox ciddi təsiri var. Digər tərəfdən isə müstəqillik dövründə regionun qonşusu Çin Xalq Republikasının Mərkəzi Asiyada təsirinin artığını müşahidə edirik. Belə bir vəziyyətdə region ölkələri üçüncü bir balanslaşdırıcı gücə ehtiyac duyurlar. Ötən müddətdə ABŞ ilə region ölkələri arasında əlaqələrin intensivləşdiyi müşahidə olunurdu. Xüsusi ilə siyasi və diplomatik səviyyədə. Hələ Obama dövründə formalaşdırılan bir əməkdaşlıq formatı var idi. Bu əməkdaşlıq formatı Trampın birinci prezidentliyi dövründə də davam etdi. O cümlədən də Baydenin. Lakin görünən odur ki, Mərkəzi Asiya ölkələri Amerika ilə əməkdaşlıqdan gözlədikləri nəticəni ala bilmədilər. Yəni bu əməkdaşlıq formatı daha çox siyasi və diplomatik müstəvi ilə məhdudlaşdı, iqtisadi sferaya çox da yayılmadı. İndi Trampın bu dövründə də görürük ki, Vaşinqtonun regiona xüsusi marağı yoxdur, yəni adminstrasiya öz siyasətini formalaşdırmaqla məşğuldur. Belə bir şəraitdə Avropa İttifaqı, təbii ki, daha əlverişli bir tərəfdaş kimi çıxış edir region ölkələri üçün. Başqa bir səbəb isə iqtisadi səbəbdir. Avropa İttifaqı çox böyük maddi resurslara malikdir və Mərkəzi Asiya ölkələri də ciddi xarici yatırımlara ehtiyac duyurlar, Apropa İttifaqının bu imkanlarından istifadə etmək istəyirlər. Səmərqənd Zirvə Toplantısında da mövzu məhz bu olub. İlkin mərhələ üçün 12 milyard dollarlıq sərmayadan söhbət gedir, ancaq bununla da məhdudlaşmayacaq. Məlum olduğu ki, Avropa İttifaqının “Qlobal qapılar” adlı bir proyekti var və bu proyekt çərçivəsində bu yatırımlar davamlı olacaq. Xüsusən region ölkələri üçün önəmli məqam ondan ibarətdir, Avropa İttifaqı vəd edir ki, mən təkcə sizin xammalınızı satın alıb aparmaqda maraqlı deyiləm, mən həm də bu xammalın elə yerindəcə işlənməsi üçün müvafiq müəssisələrin tikilməsinə yatırım qoymağa hazıram. Bu ölkələrdə qurulacaq yeni müəssisələrə Avropa ölkələrindən müasir texnologiyalar cəlb olunacaq. Bu iki məsələdə- sərmayə və texnologiya məsələlərində Türkiyə Avropadan geri qalır, çünki onun özünün də maddi yatırımlara ehtiyacı var. Türkiyə buna görə də Aİ-yə alternativ ölkə ola bilməz. Ona görə də bu ölkələr Kipr problemi ilə bağlı Avropanın mövqeyini qəbullanmağa məcbur qaldılar, bunu Türkiyəyə xəyanət kimi qəbul etmək olmaz. Hər dövlət ilk növbədə öz maraqlarından çıxış edir. Təkcə bir faktı qeyd etmək, məncə, ibrətamiz olar. Mərkəzi Asiyanın lider dövləti kimi qəbul edə biləcəyimiz Qazaxıstanla Avropa İttifaqının, eyni ilə də Qazaxıstanla Türkiyənin ticarət dövriyyəsini müqayisə edəndə böyük fərqi görürük.  2024-ci ildə Qazaxıstanla Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin həcmi 50 milyard dollara yaxın olub. Türkiyə ilə Qazaxıstan arasındakı bu rəqəm həmin dövrdə 4.9 milyard dollar təşkil edib. Tendensiyaya da baxanda görürük ki, Avropa İttifaqının Mərkəzi Asiya ölkələri ilə ticarət əlaqələri artdığı halda, Türkiyə ilə bu əlaqələr daha da azalır. Xüsusi ilə Türkiyə və Qazaxıstan arasında. Bu da ilk növbədə ondan irəli gəlir ki, Türkiyənin özü çox ciddi iqtisadi sıxıntılar içərisindədir. İndi Türkiyə narazı qalar deyə bu ölkələrin Kipr məsələsində Türkiyənin mövqeyini müdafiə etmələrini gözləmək real bir davranış olmazdı”.

Orxan

Gununsesi.info