
“Amerikalı model məhkəmə qərarından razıdır və Fransa hakimiyyətinə “ədalətin bərpası” üçün minnətdarlıq edib…”
Paris məhkəməsi 2016-cı ildə amerikalı realiti-şou ulduzu və model Kim Kardaşyana qarşı törədilmiş silahlı quldurluq hadisəsi ilə bağlı yekun hökmünü açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “bbc.com” nəşri yazıb.
Cinayətin başında duran və Fransız mətbuatının “Qoca quldurlar” adlandırdığı qrupun lideri, 69 yaşlı Omər Ait Kedaş səkkiz il həbs cəzasına məhkum olunsa da, ona beş il şərti cəza verilib və artıq saxlanma müddəti nəzərə alınaraq məhkəmə zalından azadlığa buraxılıb. Digər təqsirləndirilənlər, bəziləri tam, bəziləri isə qismən şərti cəza olmaqla üç ildən yeddi ilə qədər həbs cəzası alsalar da, hamısı sərbəst buraxılıb.
Cinayətdə iştirak edənlərin sayı on nəfər olub – doqquz kişi və bir qadın. Onlardan ikisi – prokurorluğun “məlumat ötürücüləri” adlandırdığı şəxslər yetərli sübut olmadığından bəraət alıb. Məhkəmənin hakimi David De Pa bildirib ki, təqsirləndirilən şəxslərin sağlamlıq vəziyyəti onların azadlıqdan məhrum edilməsinə imkan vermir.
Cinayət 2016-cı ilin oktyabrında Parisin mərkəzində yerləşən “Hotel de Pourtales” otelində baş verib. Beş nəfər silahlı və polis geyimində olan quldur gecə otelə soxularaq qarovulçunu qandallayıb Kardaşyanın otağının qapısını açdırıb, onu bağlayaraq ağzını tutmuş və 9 milyon avro dəyərində zinət əşyası, o cümlədən keçmiş həyat yoldaşı KanYe Vestin bağışladığı brilyant nişan üzüyünü oğurlayıb.
Məhkəmə dinləmələrində Kardaşyan həmin gecəni “öləcəyimi düşündüm” sözləri ilə xatırlayaraq, uşaqlarına qovuşmaq üçün həyatının bağışlanması üçün yalvardığını söyləyib. O, hadisədən sonra uzun müddət Parisə səfərlərdən qaçıb və səfərlərinə dair fotoları da gecikmə ilə paylaşmağa başlayıb.
Cinayətə başçılıq etmiş və məhkəmə zamanı demək olar ki, eşitmə və danışma qabiliyyətini itirmiş “Qoca Omər” ləqəbli Kedaş son sözündə vəkili vasitəsilə Kardaşyandan üzr istəyərək, “Söz tapa bilmirəm. Çox üzr istəyirəm”, – deyə bildirib.
Amerikalı ulduzun vəkilləri bildirib ki, cəzaların gözlənildiyindən daha yüngül olmasına baxmayaraq, Kardaşyan məhkəmə qərarından razıdır və Fransa hakimiyyətinə “ədalətin bərpası” üçün minnətdarlığını bildirib. O, qeyd edib ki, bu hadisə onun həyatında ən dəhşətli olay olub, lakin indi “yeni bir səhifə açmaq” istəyir.