
19-23 may 2025-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun açıq hava stadionunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Nazirliyin qurumları arasında minifutbol üzrə çempionat keçirilib.
Gununsesi.info xəbər verir ki, çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 20 komandasından 220-yə yaxın idmançı iştirak edib. Çempionatın baş hakimi Rasim Əlizadə olub.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra açılışda çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev ölkəmizdə dövlət səviyyəsində idmanın inkişafına göstərilən diqqt və qayğıdan danışıb, Nazirliyin idmançılarının ayrı-ayrı yarışlarda nümayiş etdirdikləri əzmkar mübarizədən, qazanılmış nailiyyətlərdən bəhs edib. Sonra isə çempionatda yer tutmuş komandaları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, beş gün davam edən çempionatda 3-cü yer uğrunda keçirilən görüşdə Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) komandası FHN Akademiyasının komandasına qalib gələrək çempionatın bürünc medalına sahib çıxıb. Finalda isə Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) komandası ilə Mülki müdafiə qoşunlarının komandası qarşılaşıb. 3:0 hesabı ilə qalib gələn DYMX-nın komandası yarışın çempionu adına yiyələnib.
Çempionatda ən yaxşı qapıçı Mahir Nərimanov (DYMX), ən çox qol vuran oyunçu Səttar Qədirov (XRXX), əzmkar komanda isə FHN Akademiyası komandası olub.
Sonda qaliblər kubok, diplom və medalla mükafatlandırılıb. Çempionatın keçirilməsində hakimlik xidmətlərinə görə Rasim Əlizadə, Sərxan Sirinov, Azad Lalayev və Aqil Laçınov, göstərdikləri tibbi xidmətlərə görə isə FHN-in Tibb Xidmətinin əməkdaşları fəxri fərmanla təltif olunublar.