Azərbaycanda müavinət və kompensasiyaların orta aylıq məbləği 191 manatdır

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda müavinət və kompensasiyaların orta hesabla aylıq məbləği 191,26 manat təşkil edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatında qeyd olunub.

Belə ki, ən çox müavinət alan qruplardan biri yaşa görə təyin edilənlərdir. Bu kateqoriyaya daxil olanların sayı 161 567 nəfər təşkil edib və adambaşına düşən məbləğ orta hesabla 220 manatdır.

Ən geniş əhatəli digər qrup isə əlilliyə görə müavinət alanlardır. 217 930 nəfərə bu səbəbdən müavinət təyin olunub. Onlardan 176 312 nəfər 18 yaşdan yuxarı əlilliyi olan şəxslərdir və orta aylıq məbləğ 198,40 manat, 41 618 nəfər isə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərdir ki, onlara da adambaşı düşən aylıq məbləğ 204,47 manat təşkil edib.

Ailə başçısını itirməyə görə 57 094 nəfərə müavinət verilib və hər birinin aylıq məbləği orta hesabla 120 manat təşkil edib.

Bu il dövlət qulluqçularından isə cəmi 28 nəfərə müavinət təyin olunub ki, onların da orta hesabla məbləği 58 manatdır.

Müxtəlif sosial qruplara verilən digər müavinətlər isə aşağıdakı kimidir:

Müddətli hərbi xidmət və hərbi qulluqçuların uşaqlarına – 6 073 nəfər (16,44 manat),

1 yaşınadək uşağı olan aztəminatlı ailələr – 2 759 nəfər (100 manat),

Beşdən çox uşağa görə – 12 481 nəfər (105 manat),

Valideynlərini itirmiş və himayədə olan uşaqlara – 183 nəfər (120 manat),

Övladlığa götürülmüş uşaqlara görə – 31 nəfər (225,81 manat),

Himayədar ailəyə verilmiş uşaqların tərbiyəsi üçün – 32 nəfər (371,25 manat),

Əmək xəsarəti və peşə xəstəliyi nəticəsində zərərçəkmişlərə – 284 nəfər (188,60 manat).

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycanda toplam 459 326 nəfərə aylıq sosial müavinət və kompensasiya təyin edilib.

Gununsesi.info