ABŞ Nümayəndələr Palatası “WhatsApp”ı qadağan etdi

  • By Günel
  • 24 İyun 2025 15:15

ABŞ Nümayəndələr Palatasının administrasiyası Konqresin əməkdaşlarına iş yerlərindəki cihazlarda “WhatsApp” tətbiqindən istifadə etməyi qadağan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Axios xəbər saytı məlumat yayıb. Xəbərə görə, qərar kibertəhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən qəbul edilib.

Nümayəndələr Palatasının baş inzibati məmuru tərəfindən dərc edilən qeyddə deyilir ki, “İşçilər “WhatsApp” tətbiqini mobil telefon, masaüstü və ya veb brauzer versiyaları da daxil olmaqla, hər hansı iş yeri cihazına endirə və ya saxlaya bilməzlər”. Cihazlarında “WhatsApp” olan işçilərdən tətbiqi dərhal silmələri tələb olunub.

Kibertəhlükəsizlik İdarəsi “WhatsApp” ı istifadəçi məlumatlarının qorunmasında şəffaflığın olmaması, məlumatların qeyri-adekvat şifrələnməsi və potensial təhlükəsizlik risklərinə görə “yüksək risk” olaraq qiymətləndirib. Həmçinin işçilərə şəxsiyyət məlumat oğurluğuna və naməlum nömrələrdən gələn mesajlara qarşı xəbərdarlıq edilib. “WhatsApp” a alternativ olaraq “Microsoft Teams”, “Wickr”, “Signal”, “iMessage” və “FaceTime” proqramları tövsiyə edilib.

Son illərdə məlumat təhlükəsizliyini təkmilləşdirmək üçün bir sıra addımlar atan Nümayəndələr Palatası əvvəllər DeepSeek, ByteDance proqramları və Microsoft Copilot a qismən qadağalar qoyub. O, həmçinin konqres işçilərinin ChatGPT-dən istifadəsini ciddi şəkildə məhdudlaşdırdı, yalnız ödənişli ChatGPT Plus versiyasına icazə verib.

 

Günel

Gununsesi.info