Anar Məmmədlinin növbəti məhkəmə prosesi keçirilib

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan sədri Anar Məmmədlinin növbəti məhkəmə prosesi keçirilib.

Gununsesi.info xəbər verir ki, iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi keçirilən prosesdə Anar Məmmədlinin vəkili Elçin Sadıqov vəsatətlər qaldırıb.

Vəsatətlərdən birində bir neçə sənədin sübutlar siyahısından xaric edilməsi istənilib. Sadıqov sənədlərdə olan imzaların müvəkkilinə aid olmadığını bildirib.

Vəkil cinayət işinə xitam verilməsi barədə də məhkəməyə vəsatət verib.

Hakim isə bildirib ki, vəsatətlər genişhəcmli olduğundan məhkəmə tərkibi onlarla tanış ola bilməyib. Prosesin təxirə salınması barədə qərar qəbul olunub.

Proses iyunun 30-da davam etdiriləcək.

Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb.

O, Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq maddəsilə ittiham olunur.

Məmmədli özünü təqsirli saymır.

Onunla birlikdə ittiham olunan Anar Abdulla isə aprelin 8-də Məmmədliyə qarşı açılmış cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində tanınıb.

Ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, qaçaqmalçılıq, vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, qaçaqmalçılıq əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Anar Məmmədli AŞPA Vatslav Havel mükafatına layiq görülüb. O, 2014-cü ildə də, həbsdə olub. Bir sıra beynəlxalq insan haqları təşkilatları hökumətdən Anar Məmmədlinin həbsdən azad edilməsini stəyib.

 

 

Gununsesi.info