“Böyük İsrail” layihəsi niyə real görünmür? – Politoloqdan diqqətçəkən təhlil

  • Müəllif: Firuzə
  • 30 Oktyabr 2026 10:17

Politoloq Turan Rzayev İsraildə keçirilən parlament seçkilərinin nəticələrini şərh edərək ərəb partiyalarının 19 mandat qazanmasının ölkənin gələcək siyasi mənzərəsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Gununesi.info  xəbər verir ki, politoloqun sözlərinə görə, 27 oktyabrda keçirilən seçkilərdə Netanyahu bloku 53, Ayzenkot bloku 48, ərəb partiyaları isə 19 mandat əldə edib. Əvvəlki parlamentdə cəmi 10 mandatla təmsil olunan ərəb partiyalarının bu dəfə nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırması diqqətçəkən məqamdır.

Turan Rzayev qeyd edib ki, İsrailin ərəb vətəndaşları ilə Qəzza zolağında və İordan çayının qərb sahilində yaşayan fələstinlilər eyni xalqın nümayəndələridir. Lakin onların hüquqi statusu fərqlidir. İsrail vətəndaşlığına malik ərəb əhali ölkədə səsvermə, partiya yaratmaq və parlamentə seçilmək hüququna sahibdir.

Politoloq vurğulayıb ki, ərəb partiyalarının 19 mandat qazanması onların İsrailin siyasi həyatında təsir imkanlarının artdığını göstərir. Bu mandatlar Ayzenkot blokunun 48 yeri ilə birləşərsə, 67 mandatlıq parlament çoxluğu formalaşa bilər. Lakin belə bir əməkdaşlığın reallaşması siyasi razılaşmalardan asılıdır və hələlik bu istiqamətdə konkret razılaşma yoxdur.

Rzayevin fikrincə, seçkilərin nəticələri İsrailin regional ambisiyaları, xüsusilə də “Böyük İsrail” layihəsi ilə bağlı müzakirələrə də fərqli prizmadan yanaşmağa əsas verir.

O bildirib ki, Yaxın Şərqdə 100 milyondan çox ərəb yaşayır. Bundan başqa, regionda say baxımından böyük kürd və türk əhalisi də mövcuddur. İsrailin əhalisinin təxminən 10–11 milyon olduğunu nəzərə alsaq, bu qədər geniş və çoxsaylı əhalinin idarə olunması demoqrafik və siyasi baxımdan real görünmür.

Politoloq hesab edir ki, ərəb partiyalarının İsrail parlamentində 19 mandat qazanması belə “Böyük İsrail” ideyasının qarşısında duran siyasi və demoqrafik reallıqları bir daha ortaya qoyur.

Orxan
Gununesi.info