Firuzə İbadovanın qızı: “Anamın müalicəsi üçün evimizi, maşınımızı satdıq”

“2010-cu ildə anam xəstələnəndə evimizi satdıq. Maşınımı da satdım. Onu mənə anam almışdı. Zinət əşyalarımız da var idi, onları da satdım. Çünki anamın çoxlu dərman və müalicəyə ehtiyacı var idi. Neftçilər Xəstəxanasında Hikmət doktor Qarayev və Əlişir müəllim anamın müalicəsi ilə məşğul olurdular. Hər ikisi artıq dünyasını dəyişib. Allah onlara rəhmət eləsin. Şükür Allaha, anam sağaldı, amma əlimizdə heç nəyimiz qalmadı”.

Gununsesi.info xəbər verir ki, bu sözləri əməkdar artist Firuzə İbadovanın qızı Hülya “Astar” layihəsində deyib.

“Əlimizdə qalan az pulla kreditə ev aldıq. Hər ay borcumuzu hissə-hissə ödəyirdik. Sonra pandemiya başladı və ödənişləri edə bilmədik. Buna görə də evi şirkətin özünə satdıq, şirkət də qalan borcumuzu götürdü. Yəni artıq heç kimə borcumuz yoxdur.

Biz başqaları kimi hansısa şirkət rəhbərinin yanına gedib “Mənə bu evi bağışla” demirik. Bəzi insanlara ev bağışlana bilər, amma mənim anam belə insanlardan deyil. Bunu hamı çox yaxşı bilir.

Evi satandan sonra verdiyimiz pulun yalnız bir hissəsi əlimizdə qaldı. Təxminən 30 min manatımız var idi. Sonra həmin həyətdə, eyni şirkətdən bir otaqlı mənzil aldıq. İki il orada yaşadıq. Daha sonra dolana bilmədiyimiz üçün həmin evi də satdıq və özümüzün satdığımız evdə ayda 300 manata kirayədə qaldıq.

Bir müddət sonra oradan da çıxmalı olduq. Beləliklə, gəlib bu evə yerləşdik. Ev sahiblərinə Allah rəhmət eləsin, onlardan razı olsun. Bu ev əvvəllər heç kirayəyə verilməmişdi, bağlı qalmışdı və təmir olunurdu. Bizə dedilər: “Firuzə xanım, nə qədər ödəyə bilərsiniz?”

Mən də dedim: “Mən işləmirəm, anam da işləmir. Yalnız aldığımız pensiyaları bir yerə toplayıb sizə verə bilərik”. Onlar da dedilər: “Firuzə xanıma qurbandır”.

Bilirsiniz, çox gözəl, mərhəmətli insanlardır”.

 

Şəbnəm 

Gununsesi.info