İsrailin İordan çayının qərb sahilinə basqını

İsrail 2002-ci ildən bəri ilk dəfə tanklarla işğal altındakı İordan çayının qərb sahilinə daxil olaraq ərazinin şimalındakı Cenin Qaçqınlar Düşərgəsinə basqın edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, fəallar tərəfindən paylaşılan və yerli mediada yayılan görüntülərdə fələstinli uşaqların tanklara daş atması əks olunub.

Bu görüntülər 2002-ci ildə İkinci İntifada zamanı İsrail ordusunun İordan çayının qərb sahilində həyata keçirdiyi “Müdafiə Qalxanı” hücumlarını xatırladırdı.

İsrail ordusu gün ərzində verdiyi açıqlamada işğal altındakı İordan çayının qərb sahilində hücumlarını genişləndirəcəyini və 2002-ci ildən bəri ilk dəfə tanklarla Ceninə girəcəyini açıqlayıb.

Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının qüvvəyə minməsindən sonra yanvarın 21-də başladığı Cenin şəhərinə hücumunu genişləndirən və gücləndirən İsrail ordusu, verdiyi açıqlamada Cenin şəhəri yaxınlığındakı kəndlərə də hücumlar təşkil etdiyini bildirib.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın verdiyi məlumata görə, Cenin valisi Kamal Əbu Rub İsrail qüvvələrinin səhər saatlarından etibarən Kabatiya bölgəsinə genişmiqyaslı hücuma keçdiyini və 48 saatlıq komendant saatı elan etdiyini bildirib.

Ordudan verilən yazılı açıqlamada İordan çayının qərb sahilinin müxtəlif bölgələrində həyata keçirilən basqınlarda 26 fələstinlinin nəzarətə alındığı bildirilib.

Bəyanatda İsrail ordusunun gecə saatlarında Qərb Şəriyənin şimalında bir çox bölgədə “əməliyyatlarını” genişləndirdiyi və bu basqınlarda nəzarətə alınan fələstinlilərin olduğu qeyd edilib.

Orxan

Gununsesi.info