
Avropa Şurasının 2023-ci il üçün Həbsxana Əhalisinə dair İllik Cəza Statistikasına əsasən quruma üzv olan ölkələr içərisində Azərbaycan məhbus sayına görə ilk yerlərdə qərarlaşıb.
Bu hesabatın ardından əfv sərəncamı imzalansa da barmaqla sayıla biləcək məhbuslar azadlığa qovuşdu.
Hava şəraitinin kəskin istilərlə müşaiyət olunması, Azərbaycan həbsxanalarındakı durumu yenidən aktuallaşdırıb.
Qeyd edək ki, Azərbaycan istintaq və cəzaçəkmə müəssisələrində kondisionerlərin olmaması uzun zamanın problemi olaraq qalır.
Bəzi çəzaçəkmə müəssisələrində bir yataqxanada 200 məhbusun yaşaması oradakı vəziyyəti çılpaqlığı ilə ifadə edir.
Tanınmış vəkil Cavad Cavadov Gununsesi.info-ya müsahibəsində deyir ki, Azərbaycan istər dövlətlərarası təşkilat olan Avropa Şurasının, istərsə də beynəlxalq insan haqları qurumlarının çağırışlarına əhəmiyyət verməlidir:”Ancaq biz bunun şahidi olmuruq. Ona görə də vəziyyət dəyişmir. Azərbaycan Avropa Şurası ölkələri sırasında məhbus sayına görə qabaqcıl ölkələr sırasında olmaqda davam edir.
Bəzən eşidirik ki, yeni müəssisələrin açılması bu məsələdə ciddi addım sayılır. Düzdür, son dövrlər yeni penitensiar müəssisələr tikilib istifadəyə verilib və bu da öz növbəsində müəyyən qədər məhbus sıxlığının aradan qaldırılmasına xidmət edir.
Lakin bu yetərlidirmi? Məhbusların saxlanılma şəraitlərinin yaxşılaşdırılması baxımından yeni penitensiar müəssisələrin tikilməsi təqdirəlayiq olsa da ümumilikdə məhbus sıxlığının azadlılması üçün bu çıxış yolu sayıla bilməz”.
Vəkil deyir ki, istintaq müddətində həbs qətimkan tədbirinin seçilməsi artıq ölkəmizdə adi praktikaya çevrilib:
“Məhkəmənin səlahiyyətində olan ev dustaqlığı qətimkan tədbiri nadir hallarda seçilir və bu adətən istintaqla razılaşdırılmış qaydada olur, əksi olduqda prosessual araşdırmaya rəhbərliyi həyata keçirən prokuror məhkəmə qərarından protest verir, yuxarı məhkəmələr əksər hallarda protestləri müdafiə edir.
Qətimkan tədbirlərində biri olan girov cinayət prosessual qanunvericiliyində 01 sentyabr 2000-ci ildən mövcud olsa da indiyə kimi tətbiq edilməmişdir, yəni sadəcə formal olaraq qanunda mövcuddur.
Məhkəmələrə alternativ cəza təyin edilməsi ilə bağlı sərbəstlik verilməlidir və yuxarı məhkəmələr bu məsələlərdə aşağı məhkəmələri dəstəkləməlidirlər. Həmçinin dövlət ittihamı da cəza məsələsində özününün protest vermək hüququndan sui-istifadə etməməlidirlər. Dəfələrlə qeyd etmişik ki, hüquqi cəhətdən bərabər olsa da yuxarı məhkəmələrdə müdafiə tərəfin apellyasiya, kassasiya şikayətlərinə və prokurorun protestlərinə fərqli yanaşma hələ də mövcuddur və prokurorun protestinə daha üstünlük verilir”.
Cavad Cavadovun sözlərinə görə, bu günkü məhkəmə praktikasında məhbus cəzasının vaxtından əvvəl azad olunması üçün həddinə çatsa da onun vaxtından bunun tətbiqi üçün prosedurlar təmin olunmur və yalnız ümumi cəzasının çəkməsinə bir il, bəzən altı ay qalmış məhkəmə qaydasında vaxtından əvvəl azad olunması məsələsinə baxılır:
“Vaxtından əvvəl azad edilmə prosedurlarında məhkəmələr Ədliyyə Nazirliyi tərəfindən müvəqqəti qaydalar əsasında yaradılmış komissiya tərəfindən verilən rəyə və həmin rəyə əsasən verilmiş cəza çəkmə müəssisəsinin mülahizəsinə əsaslanır. Bu isə qanuna ziddir.
Məhbus sayının çoxluğu cəzaçəkmə müəssisələrində sıxlıq yaradır. Bu problemə dair Avropa Şurası Nazirlər Komitəsinin çoxsaylı tövsiyələri vardır.
“Həbsxalanaların dolması və həbsdə saxlanılarn şəxslərin sayının artması probleminə dair” Avropa Şurasının Nazirlər Komitəsinin R(99)22 saylı Tövsiyəsində açıq qeyd olunur ki, həbsxanaların dolmasının və həbsdə saxlanılan şəxslərin sayının artmasının həbsxana rəhbərliyi və ümumilikdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də penitensiar müəəssilərin səmərəli idarə olunması baxımından böyük problem yaradır.
Tövsiyələrdən biri də cəzanın faktiki olaraq çəkiləcək müddətinin azaldan tədbilərin hazırlanması təşviq edilməsi, bu zaman həbsxanaların dolması probleminin həlli üçün kollektiv tədbirlərə (amnistiya, əfv aktları ) ilə müqayisədə məhz vaxtından əvvəl şərti aazad etməyə üstünlük verilməli əks olunmuşdur”.
Afət Abbasova
Gununsesi.info