
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müstəqillik Bəyannaməsinin imzalanmasının 248-ci ildönümünü qeyd edən mərasimdə ABŞ-nin ölkəmizdəki səfiri Mark Libby Azərbaycanla Ermənistan arasında gələcək sülhün mümkünlüyünə toxunub.
Səfir qeyd edib ki, Ermənistanla imzalanacaq sülh razılaşması misilsiz sabitlik yaradar, Azərbaycanın və regionun faydalanacağı ticarət və praktik əməkdaşlığa qapı açardı. Birləşmiş Ştatlar tərəfləri bu imkandan faydalanmaq üçün həvəsləndirməyə davam edəcək.
Gununsesi.info-ya açıqlama verən siyasi ekspert Şahin Cəfərli Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin proritet hədəflərini şərh edib.
Şahin Cəfərli deyib: “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması Amerikanın Cənubi Qafqaz siyasətinin proritet hədəflərindən biridir. Müqavilənin imzalanması Qərbin bölgədə yerləşməsinə və maraqlarını təmin etməsinə əlverişli şərait yaratmış olacaq. Ən azından ona görə ki, bu sülh müqaviləsi Ermənistan üçün təhlükəsizlik təminatına yaxın hadisə olacaq. Sülh müqaqviləsi imzalanan kimi, Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələri inkişaf etməyə başlayacaq. Bu, Nikol Paşiniyanın qərbyönümlü siyasət aparmasına da müsbət təsir edəcək. Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb, hərbi eskolasiya riski var. Bu durum Ermənistanın Rusiyadan qopmaq, Qərbə doğru irəliləmək siyasəti üçün də risklər yaradır. Ona görə də, Qərb bir an öncə bu müqavilənin imzalanmasında maraqlıdır. Sülh müqaviləsi, eyni zamanda, Orta Dəhlizin də işlənilməsinə ciddi şəkildə zəmin yaradacaq. Ona görə də, Qərb Azərbaycanda keçiriləcək COP29 qədər bu müqavilənin imzalanmasına çalışır. Bu məqam yadınızdadırsa, Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Prezident İlham Əliyevə göndərdiyi məktubda da əksini tapmışdı. Noyabra qədər sülh müqaviləsinin imzalanması zərurəti qeyd edilmişdi”.
Bölgədə Rusiyanın maraqlarına toxunan siyasi ekspert bildirib: “Biz bu regionda Rusiya faktrını gözardı edə bilmərik. Rusiyanın bölgə üzərində ciddi təsir imkanları qalır. Azərbaycan hakimiyyəti də özünün regional siyasətində Rusiya amilini nəzərə alır. Onu da nəzər almaq lazımdır ki, Azərbaycanla Rusiya arasında 2022-ci ilin fevralında imzalanmış Qarşılıqlı Müttəfiqlik Fəaliyyəti Bəyənnaməsi var və hər iki tərəf bu bəyənnamədən irəli gələn müddüalara faktiki əməl edir. Bu sənəd Rusiya və Azərbaycan münasibətlərinin bir növ əsasını təşkil edir. Rusiya bu sülh müqaviləsində maraqlı olmayacaqsa, bunu öz maraqları baxımından ciddi təhdid hesab edəcəksə, Azərbaycan tezliklə belə müqaviləni imzalamağa cəhd eləmiyəcək”.
Ceyhun
Gununsesi.info