Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd olunub - MARK LIBBIDƏN MÜHÜM BƏYANATLAR/ VIDEO+FOTOLAR

  • By admin
  • 29 İyun 2024 11:53

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Birləşmiş Ştatların Müstəqillik Bəyannaməsinin imzalanmasının 248-ci ildönümü münasibəti ilə Azərbaycan hökumətinin, parlamentinin, vətəndaş cəmiyyəti, siyasi partiya, media və diplomatik korpus  nümayəndələrinin iştirakı ilə təntənəli qəbul təşkil edib.

Gununsesi.info-nun xəbərinə görə, tədbirdə qonaqları salamlayan səfir Libbi bildirib ki, bu, onun Azərbaycanda ilk Müstəqillik Günü bayramımdır:

“Birləşmiş Ştatların səfiri kimi bu xüsusi hadisəni sizinlə qeyd edə bilmək peşəkar həyatımın ən böyük qürurlarından biridir.

Buaxşamkı bayramı dəstəkləyən sponsorlara da təşəkkürlərimi bildirmək istəyirəm. Bu şirkətlər ABŞ-Azərbaycan ikitərəfli tərəfdaşlığının lap özəyindədirlər. Siz hər iki ölkəyə inkişaf gətirən iqtisadi və kommersiya əlaqələri qurursunuz. Bu tədbiri mümkün etdiyinizə görə təşəkkür edirəm.

Bu bayram 248 il öncə uzun sosial mübarizə, iqtisadi çətinlik və siyasi ixtilafdan sonra dövlətimizin banilərinin Birləşmiş Ştatların Britaniyadan müstəqilliyini bəyan etdikləri günü qeyd edir.

Onların Müstəqillik Bəyannaməsi ilə başlatdıqları səyahəti amerikalılar bu gün davam etdirirlər. O, çoxlu mübarizələr, uğursuzluqlar və təkrar ixtiralar dönəmləri ilə nümayiş etdirib ki, ən yaxşı və ən legitim hökumət, nəhayətdə, insan hüquqlarına hörmət və idarə olunanların azad surətdə verdikləri razılıqdan qaynaqlanır. Bu, Müstəqillik Bəyannaməsi, 13 il sonra yaranan Konstitusiya, Prezident Linkolnun Qettiburqda vətəndaş müharibəsinə dair nitqindəki təməl bəyanat idi. O, Qandidən Martın Lüter Kinqə qədər liderləri həvəsləndirib. Bu demokratik ideal Amerikanın dünyaya hər hansı bir qanun, texnoloji nailiyyət və ya mədəni ixracdan ötə ən mühüm irsidir.

Bu demokratik ideal möhtəşəmdir. Amma, bu, həm də bizim hələ tam gerçəkləşdirməli olduğumuz istəkdir. Hər bir dürüst müşahidəçi etiraf edər ki, mənim ölkəm bütün digər ölkələr kimi ədalətsizlik, korrupsiya, yoxsulluq və dözümsüzlük önündə bəzən bu idealları təmin edə bilmir. Ölkəmizin banilərinin bizə göstərdikləri örnək mükəmməlliyə nail olma deyil. Bütün vətəndaşlar üçün azadlıq və hüquqlara dair demokratik ideallara sadiq qaldığımızı davamlı olaraq göstərmək öhdəliyidir. İnanıram ki, azərbaycanlılar bu istəkləri bölüşür.

 

Oxşar şəkildə, bu vəzifədə ilk bir neçə aya baxdıqda, Birləşmiş Ştatlar və azərbaycanlı ev sahiblərimiz tərəfdaşlığımız üçün digər əzəmətli istəklər ifadə etməyə başlayıblar.

Tərəfdaşlığımız artıq diqqətəlayiq tarixə malikdir. Azərbaycan müstəqilliyini yenə qazandıqdan bəri Birləşmiş Ştatlar təhsil və iqtisadi inkişafı gücləndirmək, münaqişədən əziyyət çəkən məcburi köçkünlərə kömək etmək və ölkəni öldürücü minalardan azad etmək üçün 1 milyard dollardan çox vəsait təmin edib.

Biz gələcəkyönümlü tərəfdaşlıqlar da axtarırıq. Biz Azərbaycan və region üçün sülh, tərəqqi və təhlükəsizliyi təmin edən daha dərin gələcək tərəfdaşlığı birgə arzu edirik”.

 

Səfir, həmçinin nitqində Azərbaycan Ermənistan arasında gələcək sülhün mümkünlüyünə də toxunub:

“Bu ay azərbaycanlı tərəfdaşlarımız mənə məlumat verdilər ki, bir neçə həftə əvvəl Rusiya qoşunlarının Azərbaycan ərazilərini tərk etməsindən sonra Sovet İttifaqı dağıldıqdan bəri ilk dəfə ölkə ərazisində xarici dövlətlərin qoşunları yoxdur. Eyni zamanda, Azərbaycan və Ermənistan sərhəd demarkasiyasına başlayıb, saxlanılan şəxslərin mübadiləsinə dair danışıqlar aparıb və sülh sazişinin imzalanmasına həmişəkindən daha yaxın olduqlarını açıq şəkildə bildiriblər.

Birləşmiş Ştatlar da inanır ki, bu diqqətəlayiq addımlar tarixi fürsət pəncərəsi açıb. Ermənistanla indi imzalanacaq sülh razılaşması misilsiz sabitlik yaradar və Azərbaycanın və regionun faydalanacağı ticarət və praktik əməkdaşlığa qapı açardı. Birləşmiş Ştatlar tərəfləri bu imkandan faydalanmaq üçün həvəsləndirməyə davam edəcək və biz kömək etmək üçün bacardığımız hər şeyi edəcəyik”.

Səfir deyib ki, ABŞ-la Azərbaycan arasında  güclü, strateji mühüm enerji əlaqələrimizin transformasiyasının da şahidi olur: “ABŞ-Azərbaycan enerji tərəfdaşlığının ilk onilliyində Amerika Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizinin konsepsiyası, inşası və əməliyyatına vacib dəstək göstərib. Bu layihələr bizim ən valehedici, ortaq nailiyyətlərimiz arasındadır. ABŞ-Azərbaycan tərəfdaşlığı olmadan bu enerji infrastrukturu mövcud olmazdı, Avropanın daha az enerji təhlükəsizliyi olardı və Azərbaycan lap daha az inkişaf edərdi”.

COP 29 haqqında danışan Amerika səfiri əlavə edib ki, bu il Azərbaycanın COP29 sədrliyi tərəfdaşlığımızda növbəti mərhələdir: “Artıq götürülən öhdəliklərin icrasını sürətləndirən, eləcə də maliyyələşmə, tullantıların azaldılması və planetimizi gələcək nəsillər üçün qorumaq, habelə bir tam onda beş arzusunu canlı tutmaq üçün gələcək ambisiyaları yüksəldən uğurlu COP29 – ortaq məqsədimizi dəstəkləmək üçün Azərbaycanla işləməkdən sevincliyik.

Buna görə də, biz buaxşamkı bayramın mövzusu kimi Amerikanın Milli Parklarını vurğulamağı seçdik. Bizim ən məşhur vətənpərvərlik mahnılarından biri “Amerika  gözəldir” ölkənin əngin səmaları, qızılı-sarı sünbül tarlaları və əzəmətli dağlarını tərənnüm edərək açıq-aydın ətraf mühit çalarlarına malikdir.

Beləliklə, bu axşam biz ümumən planetimizin təbii gözəlliyinə və Birləşmiş Ştatlara əta olunmuş təbii gözəlliyə dəyər veririk.

Bu gün burada vurğuladığımız parkları – Akadia, Everqleyds, Biq-Bend, Sekvoyya, Böyük Kanyon və bir çox başqalarının gözəlliyinə hər il 330 milyondan çox amerikalı və xarici turist heyran olur.

 

Bu parkların arxasında dayanan ideya sadədir və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) istəkləri ilə tam uyğun gəlir. İdeya budur ki, Amerikanın ən valehedici təbiət mənzərələri azsaylı imtiyazlı şəxslərə deyil, hər kəsə məxsusdur.

Prezident Franklin Ruzvelt bu ideyanı ən yaxşı şəkildə belə təsvir edib “Milli parklarımız qədər Amerikaya xas heç nə yoxdur …. Parkların arxasında dayanan təməl ideya budur ki, ölkə insanlara məxsusdur”.

Beləliklə, builki COP sammitində biz hamımız planetin iqlimini qorumaq üçün çalışacağıq. İqlim hər kəsə məxsusdur”.

Tədbirdə Azərbaycan hökuməti adından çıxış edən maliyyə naziri Samir Şərifov iki ölkə arasındakı münasibətlərdən danışıb.

Pərviz Həşimli