
Keçmiş Ultimate Fighting Championship (UFC) ulduzu Həbib Nurməhəmmədovun Dağıstandakı idman zalı Rusiya polisi tərəfindən mühasirəyə alınıb.
Gununsesi.info–nun xəbərinə görə, bu barədə xarici telegram kanallarında məlumat yayılıb.
Bildirilir ki, Dağıstanda baş verən terror hadisələrindən sonra UFC-nin simvollarından biri olan Həbib Nurməhəmmədov diqqət mərkəzindədir. Rusiyanın Dağıstan Muxtar Respublikasının Mahaçqala şəhərində polis əməliyyat keçirib və cümə günü Həbibin atasının adını daşıyan Abdulmanap Nurməhəmmədov adına Döyüş Sənəti Məktəbinə basqın edib.
Rusiyanın dövlət xəbər agentliyi TASS həbslərlə bağlı heç bir məlumatın paylaşılmadığını və əməliyyatın son vaxtlar baş vermiş terror aktı ilə bağlı olduğunu bildirib.
Xatırladaq ki, 2024-cü ilin martında 133 nəfərin həyatını itirdiyi Crocus City Hall terror aktından iki ay sonra Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində baş verən terror aktları Rusiyanı silkələyib.
Kilsə, sinaqoq və təhlükəsizlik qüvvələrinə eyni vaxtda təşkil edilən hücumda 15-i polis olmaqla 20 nəfər həyatını itirib, onlarla mülki şəxs yaralanaraq yaxınlıqdakı xəstəxanalara aparılıb.
Polisin ilk araşdırmasında hücumda iştirak edən və keçmiş MMA döyüşçüsü olduğu öyrənilən Qazimurad Kagirovun bir müddət Həbib Nurməhəmmədovun atası Abdulmanapdan məşq aldığı və məşhur futbolçunun oynadığı kluba üzv olduğu iddia edilib.
Həbib ona qarşı irəli sürülən ittihamları rədd edərək, “Terrorçu bizim üzvümüz deyil. Bu tamamilə cəfəngiyyatdır. Bəli, o, bizim idman zalımızdan bir müddət, bəlkə də bir neçə ay istifadə edib, döyüşə hazırlaşmışdı, amma komandamızın bir hissəsi deyil” deyə bəyanat verib.
Dağıstanda törədilən terror aktının evindən 5 dəqiqəlik aralıda baş verdiyini deyən Həbib “Başqa dinə inandığı üçün insanı öldürmək insanlıqdan kənardır” deyib.
Afət Abbasova
Gununsesi.info