Ərdoğan Suriya qaçqınlarına qarşı iğtişaşlara görə müxalifəti ittiham edib

  • By admin
  • 02 İyul 2024 09:50

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğaniyulun 1-də müxalifət partiyalarını ksenofobiyada və irqçilikdə ittiham edib.

Associated Press yazır ki, bundan bir gün əvvəl Türkiyədə suriyalılara məxsus mağazalara od vurulub.

İğtişaş iyunun 30-da Kayseri vilayətinin Melikqazi rayonunda baş verib. Buna səbəb 7 yaşlı  qızın bir suriyalı qaçqın tərəfindən cinsi təcavüzə məruz qaldığına dair yayılan xəbərlər olub.

Bu xəbərlərdən qəzəblənən yerli sakinlər maşınlara və dükanlara od vuraraq suriyalıların Türkiyəni tərk etməsini tələb ediblər.

Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, zorakılıqlarla bağlı azı 67 nəfər saxlanıb.

Ərdoğan iyulun 1-də televiziya ilə yayımlanan çıxışında zorakılığa görə qaçqınların repatriasiyasına çağıran müxalifət partiyalarını günahlandırıb:

“Cəmiyyətdə qaçqınlara qarşı ksenofobiya və nifrəti qızışdırmaqla nəyəsə nail olmaq olmaz. Kayseridə kiçik bir qrup tərəfindən törədilmiş faciəli hadisənin bir baiskarı da müxalifətin apardığı zəhərli siyasətdir”.

2011-ci ildə Suriyada vətəndaş münaqişəsi başlananda Türkiyə suriyalı qaçqınları mərhəmətlə qarşılamış və dünyanın ən çox qaçqına sığınacaq verən ölkəsinə çevrilmişdi.

Lakin qaçqın əhalisi artdıqca və ölkədəki iqtisadi çətinliklər çoxaldıqca antimiqrant əhval-ruhiyyəsi də yüksəlməyə başlayıb. Müxalifət partiyaları Suriya qaçqınlarının öz vətənlərinə repatriasiyasını tələb edirlər.

Rəsmilər deyirlər ki, şübhəli şəxs saxlanıb, qız, onun qardaş və bacıları isə dövlət mühafizəsi altındadırlar və onlara psixoloji yardım göstərilir.

 

Afət Abbasova

Gununsesi.info