
İsrail 2023-cü ilin noyabrında tibb kompleksinin HƏMAS tərəfindən komanda mərkəzi kimi istifadə edildiyi iddiası ilə saxlanılan Əl-Şifa xəstəxanasının direktoru Məhəmməd Əbu Səlamiyyəni azad edib.
Gununsesi.info İsrail mediasına istinadən xəbər verir ki, Əbu Səlamiyyə İsrail tərəfindən həbsdən azad edilən 55 fələstinli arasında olub.
O, azadlığa çıxdıqdan sonra Qəzza zolağına qayıdıb və mətbuat konfransında İsrail həbsxanalarında olan fələstinli məhbusların vəhşicəsinə işgəncələrə məruz qaldığını bildirib.
Həmçinin, o,onlara nə vəkillərin, nə də beynəlxalq təşkilatların nümayəndələrinin gəlməməsindən şikayətlənib.
Məlumata görə, noyabrda həbs olunduqdan sonra sorğu-sual zamanı Əbu Səlamiyyə “şübhəli cavablar” verib.
Bildirilir ki, sübut olmadan “şübhəli cavablar” adətən yeddi aydan çox müddətə inzibati həbs üçün istifadə edilə bilməz.
Bununla yanaşı, ölkə rəhbərliyi Əbu Səlamiyyənin azadlığa buraxılması ilə bağlı məsuliyyətdən uzaqlaşıb.
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, bu qərar Sde Teiman həbsxanasında fələstinli məhbusların saxlanmasına qarşı ərizə ilə bağlı Ali Məhkəmənin müzakirəsindən sonra verilib.
Baş nazirin dəftərxanası əlavə edib ki, sərbəst buraxılanların şəxsiyyəti təhlükəsizlik rəsmiləri tərəfindən müəyyənləşdirilir.
Nazirlik bildirib ki, müdafiə naziri Yoav Qalanta da Əl-Şifanın direktorunu azad etmək qərarı barədə məlumat verilməyib. Çünki o, təhlükəsizlik xidməti (Şin Bet) və İsrail həbsxana xidmətinin yurisdiksiyasındadır.
İsrail müxalifəti Əbu Səlamiyyənin azad edilməsi qərarını kəskin tənqid edib.
İyunun əvvəlində Netanyahunun hərəkətləri ilə razılaşmadığı üçün kabinetdən istefa verən keçmiş müharibə kabineti naziri Benny Gantz deyib ki, “7 oktyabr qatillərinə sponsorluq edənləri azad edən hökumət əməliyyat, mənəvi və etik səhvə yol verib”.
Milli Təhlükəsizlik Naziri Itamar Ben-Gvir, Kan Radiosuna istinadən WhatsApp qrup söhbətində Təhlükəsizlik Direktoru Ronen Barı istefaya çağırıb.
Təhlükəsizlik xidməti də öz növbəsində cavab verib ki, azadlığa buraxılma qərarı İsrail həbsxanalarında yer çatışmazlığı səbəbindən verilib.
Şin Bet açıqlamasında bildirib ki, xidmət daha ciddi terror ittihamları ilə şübhəli şəxslərə yer açmaq üçün onlarla fələstinlini azad etmək məcburiyyətində qalıb.
İlhamə
Gununsesi.info