Altıağacdakı ayılar ölkədən köçürülür? - RƏSMİ

“Adıçəkilən ayılar hazırda Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzindədir və ölkədən köçürülməyiblər. Hazırda onların reabilitasiya prosesi davam edir”.

Gununsesi.inf0-nun məlumatına görə, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

Onun sözlərinə görə, bir neçə il öncə təbiətdən köməksiz vəziyyətdə tapılan yeni doğulmuş iki ayı balası Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzinə yerləşdirilərək, orada xüsusi qayğı və nəzarət altında saxlanılır.

“Avropada vəhşi heyvanların təbii instinktlərinin bərpası üzrə ixtisaslaşmış vəhşi heyvan sığınacağı tərəfindən bu ayıların təbii instinktlərinin təkmilləşdirilməsi üçün xaricə göndərilməsi istiqamətində danışıqlar aparılır”, – deyə Xidmət rəsmisi söyləyib.

Qeyd edək ki, Azərbaycanda qəfəsdə saxlanılan iki ayının “Wildheart Animal Sanctuary” adlı heyvan müdafiə təşkilatının təşəbbüsü ilə Böyük Britaniyada, Vayt adasında yerləşən heyvan sığınacağına köçürülməsi barədə xəbərlər yayılmışdı.

Gununsesi.info