
Bakının Suraxanı rayonunda ər-arvad arasında qısqanclıq zəminində mübahisə cinayətlə nəticələnib.
Gununsesi.info xəbər verir ki, hadisə ötən il noyabrın 30-da baş verib.
1982-ci il təvəllüdlü əslən İmişli rayonundan olan Səməd həmin gün Bakıda 3:00-da birlikdə yaşadıqları evdə həyat yoldaşı Sonayla (adlar şərti verilib – red.) xəyanətlə bağlı mübahisə edib.
Mübahisə zamanı Səməd arvadının bədəninin müxtəlif nahiyələrinə zərbə vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Səmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səməd ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, həyat yoldaşı Sona ilə 2014-cü ildə ailə qurub: “Həmin ildə ailə həyatı qursaq da, rəsmi nikahımız yoxdur. 2016-ci il tarixdə qızımız Bahar, 2017-ci ildə oğlumuz Kənan, 2021-ci ildə Hüseyn dünyaya gəldilər. Son zamanlar həyat yoldaşım mənə qarşı soyuq rəftar edib. Məni evdə saymır, hər sözümə əsəbi cavab qaytarırdı. Düşündüm ki, soyuqluğun səbəbi həyat yoldaşımın başqa şəxslə münasibət qurmasıdır. Son zamanlar buna görə həyat yoldaşımla mütəmadi mübahisə etmişəm. Sonaya mənə xəyanət etdiyini desəm də, o, qəti şəkildə etiraz edib və xəyanət etmədiyini bildirib”.
Təqsirləndirilən şəxs qeyd edib ki, noyabrın 30-da axşam saatlarında Sona ilə xəyanət mövzusunda mübahisə ediblər: “Həyat yoldaşım yenə də mənim ona xəyanət etmədiyini bildirdi. Mən əsəbləşərək əlimlə onun bədəninin müxtəlif nahiyələrinə vurdum, kəllə zərbəsi ilə sol göz nahiyəsinə xəsarət yetirdim. Sona evdən çıxaraq qonşuluqda yaşayan atası evinə getdi. Daha sonra məndən Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə şikayət etdi”.