
Yeddilik Qrupu (G7) ölkələri Ukraynada müharibə başa çatdıqdan sonra Rusiya aktivlərini dondurulmuş vəziyyətdə qoymağı planlaşdırır.
Gununsesi.info xəbər verir ki, bu barədə Nikkei məlumat yayıb.
“Biz bir daha təsdiq edirik ki, Rusiya təcavüzünü dayandırana və Ukraynaya dəymiş ziyanı ödəyənə qədər bizim yurisdiksiyalarımızdakı Rusiyanın suveren aktivləri hərəkətsiz qalacaq”, – G7 liderlərinin daha sonra açıqlanacaq bəyanat layihəsində deyilir.
Sənəddə həmçinin bildirilir ki, assosiasiya Kiyevə 50 milyard dollar məbləğində kredit zəmanəti verir. Onun bloklanmış Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına ödəniləcəyi gözlənilir.
İlkin razılaşmaya görə, ABŞ və Aİ hər biri 20 milyard dolları öz üzərinə götürməli, qalan 10 milyard dolların isə Böyük Britaniya, Yaponiya və Kanada tərəfindən bölüşdürülməsi təklif edilirdi. Bununla belə, Vaşinqton hələ də Rusiya aktivlərinin Aİ-də uzun müddət dondurulmuş qalacağına dair təminat tələb edir.
Sentyabrda Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen demişdi ki, Brüssel özü Kiyevə 35 milyard avro ayıracaq.
Oktyabrda Aİ səfirləri bu vəsaitlərin Ukraynaya köçürülməsi mexanizmi barədə razılığa gəliblər və bu vəsait Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına ödəniləcək.
Kreditin verilməsi ilə bağlı qərar oktyabrın 22-də Avropa Parlamenti tərəfindən təsdiqlənib.
Günel