Azərbaycan hökuməti turizmi yenidən ölkənin prioritet sahələrindən biri elan edib və bununla bağlı yeni dövlət proqramı qəbul edib. Lakin iqtisadçı Natiq Cəfərlinin fikrincə, ölkədə turizmin inkişafı üçün əsas problemlər həll olunmadığı halda, yeni proqramların qəbul edilməsi real nəticə verməyəcək.
Gununsesi.info-nun xəbərinə görə, Natiq Cəfərli bildirib ki, Azərbaycanın turizm sektorunda əsas rəqibləri Gürcüstan və Ermənistandır və ölkəmiz bu dövlətlərin atdığı addımları nəzərə almalıdır.
Onun sözlərinə görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Gürcüstana 6 milyon 112 min 78 beynəlxalq ziyarətçi gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 faiz artım deməkdir. Həmin müddətdə qonşu ölkənin turizm gəlirləri 4,4 faiz artaraq 3,8 milyard dollara yaxınlaşıb.
Gürcüstanda hotellərin doluluq səviyyəsi Batumidə 84 faiz, Tbilisidə 79 faiz, ölkə üzrə isə 67 faiz təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz yüksəkdir.
Azərbaycanda isə vəziyyət fərqlidir. 2026-cı ilin yanvar-sentyabr aylarında ölkəyə 1 milyon 831,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, illik müqayisədə 6 faiz azalma deməkdir.
Natiq Cəfərlinin qeyd etdiyi məlumatlara əsasən, yanvar-avqust aylarında xarici vətəndaşlar Azərbaycanda ümumilikdə 1 milyard 873,3 milyon manat (təxminən 1,1 milyard dollar) xərcləyiblər. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 faiz azdır. Ölkə üzrə hotellərin doluluq səviyyəsi isə cəmi 23 faiz təşkil edib.
İqtisadçı hesab edir ki, Azərbaycanda turistlərin sayının və turizm gəlirlərinin azalmasının qarşısını almaq üçün ilk növbədə quru sərhədlər açılmalıdır.
O, həmçinin Gürcüstanla birgə turizm paketlərinin hazırlanmasını təklif edir. Belə ki, Gürcüstana səfər edən xarici turistlərin Azərbaycana da gəlməsini təşviq edəcək cəlbedici və sərfəli təkliflər hazırlanmalıdır.
Cəfərli xatırladıb ki, Ermənistan da son illərdə Gürcüstana gələn turist axınından faydalanır. Gürcüstana səfər edən turistlər quru yolla və nisbətən ucuz qiymətə Ermənistana keçərək səfərlərini genişləndirirlər.
İqtisadçının fikrincə, Gürcüstan turizmdən hər il milyardlarla dollar gəlir əldə edir, turist sayını və gəlirlərini artırır. Azərbaycan isə əksinə, mövcud imkanlarından tam istifadə edə bilmir və turizm sektorunda geriləyir.
Natiq Cəfərli onu da vurğulayıb ki, turizmin inkişafı yalnız yeni dövlət proqramları və sənədlərin qəbulu ilə mümkün deyil. Bunun üçün real problemlər aradan qaldırılmalı, quru sərhədlər açılmalı və region ölkələri ilə turizm əməkdaşlığı genişləndirilməlidir.
Elmar












