Ukrayna Silahlı Qüvvələri Rusiyanın Volqoqrad vilayətində yerləşən Marinovka hərbi aerodromuna zərbə endirərək iki Su-34 qırıcı-bombardmançı təyyarəsini vurduğunu bəyan edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, hücum oktyabrın 29-da baş verib. Ukrayna tərəfinin məlumatına görə, zərbə əvvəlki hücumda olduğu kimi, “Neptun” sahil raket kompleksi vasitəsilə endirilib.
Rusiyaya məxsus iki Su-34 təyyarəsinin məhv edildiyini Ukrayna Prezidenti Volodimir Zelenski də təsdiqləyib.
Zelenski hücumla bağlı açıqlamasında Ukrayna qüvvələrinin “İsgəndər” raket kompleksinin buraxılış qurğusunu da vurduğunu bildirib.
İdiaya görə, Marinovka aerodromuna endirilən zərbə və iki Su-34 təyyarəsinin vurulması nəticəsində iki hərbçi həlak olub, daha iki nəfər yaralanıb. Hücuma məruz qalan aerodromdan Rusiya Hərbi Hava Qüvvələrinin 11-ci qarışıq aviasiya alayının istifadə etdiyi bildirilir.
NATO təsnifatında “Fullback” adlandırılan Su-34 dördüncü nəsil çoxfunksiyalı, səsdən sürətli cəbhə qırıcı-bombardmançı təyyarəsidir.
Ukrayna hərbi kəşfiyyatı bu təyyarəni Rusiyanın zərbə aviasiyasının əsas komponentlərindən biri kimi xarakterizə edir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, belə təyyarələrin məhv edilməsi Rusiyanın Ukraynanın cəbhəyanı ərazilərinə, mülki infrastruktura və hərbçilərin mövqelərinə idarəolunan aviasiya bombaları ilə zərbə endirmək imkanlarını azaldır.
Qeyd olunub ki, Su-34 təyyarələri 8 tona qədər döyüş yükü daşıya bilir. Belə bir təyyarənin bazar dəyərinin təxminən 50 milyon dollar olduğu bildirilir. Bu hesablamaya əsasən, iki təyyarənin ümumi dəyəri təxminən 100 milyon dollar təşkil edir.
Rəsmi məlumatlara görə, müharibə ərzində ən azı 43 Su-34 təyyarəsinin məhv edilməsi, daha dördünün isə zədələnməsi sənədlərlə təsdiqlənib.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) məlumatına görə, 2026-cı il oktyabrın 22-nə olan vəziyyətə əsasən, Rusiyanın arsenalında müxtəlif modifikasiyalı, o cümlədən modernləşdirilmiş Su-34M təyyarələri də daxil olmaqla, ümumilikdə təxminən 140 belə qırıcı olub.
Qeyd edək ki, oktyabrın 29-da baş verən hücumdan iki həftə əvvəl Ukrayna qüvvələri Voronej vilayətindəki Borisoglebsk hərbi aerodromuna da zərbə endirmişdi. Həmin hücum zamanı Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, altı modernləşdirilmiş Su-34M təyyarəsi məhv edilmişdi.












