Səlim Babullaoğlu Sevil Gültənin ittihamlarına cavab verib: “Qanunun dili ilə danışmalı olacağam”

  • Müəllif: Orxan
  • 29 Oktyabr 2026 17:18

Tərcüməçi Sevil Gültən Azərbaycan Yazıçılar Birliyinin (AYB) Beynəlxalq Əlaqələr və Bədii Tərcümə Məsələləri üzrə katibi Səlim Babullaoğlu ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Gununsesi.info xəbər verir ki, Sevil Gültən paylaşımında Səlim Babullaoğlu ilə AYB-də yaşadığı mübahisədən bəhs edib, tərcümə fəaliyyəti ilə bağlı bir sıra iddialar səsləndirib.

O, Babullaoğlunun davranışından narazılığını ifadə edərək, tərcümələrinin nəşri, gördüyü işlərin qarşılığında aldığı qonorar və bəzi kitabların çap olunmaması ilə bağlı məsələlərə toxunub.

Sevil Gültən, həmçinin, Babullaoğlunun onunla söhbət zamanı kobud davrandığını, otaqdan çıxmasını tələb etdiyini və AYB üzvlüyündən çıxarılması ilə hədələdiyini iddia edib.

Səlim Babullaoğlu isə Sevil Gültənin paylaşımına münasibət bildirib.

O, açıqlamasında yazılanları “təhqiramiz və yalan dolu” adlandırıb.

“Amma bu dəfə adını çəkdiyim adamla yalnız qanunun dili ilə danışmalı olacağam”, – deyə Səlim Babullaoğlu qeyd edib.

Babullaoğlu bildirib ki, paylaşımın özündən daha çox, hadisənin şahidi olmadan şərh yazan şəxslərin mövqeyi təəssüf doğurub.

O, Sevil Gültənin yazdıqlarına görə sənədlər və sübutlar əsasında cavab verməli olacağını da vurğulayıb.

Tərəflərin səsləndirdiyi iddialarla bağlı mübahisənin digər təfərrüatları hələlik məlum deyil.

Orxan

Gununsesi.info