“Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər tarixi bağlara, ortaq mədəniyyətə və “Bir millət, iki dövlət” düşüncəsinə əsaslanır. Bu əlaqələr beynəlxalq aləmdə dərin və strateji münasibətlərdən biri kimi seçilir. Son dövrlərdə hər iki ölkənin ictimaiyyətində və diplomatik dairələrdə müzakirə olunan bəzi məsələlər, sosial şəbəkələrdə yaranan həssaslıqlar və siyasi açıqlamalar iki qardaş ölkə arasındakı münasibətlərin əsasını sarsıdacaq gücdə olmasa da, Ankara ilə Bakı arasında müəyyən həssaslıqların artmasına səbəb olub”.
Bu fikirləri Gununsesi.info–ya açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Həsən Oqtay mövzunu belə şərh edib:
“İki cəmiyyətin milli kimliklərinin formalaşması prosesində fərqli ictimai mərhələlərdən keçməsi də bəzi məsələlərə yanaşmada emosional fərqlərin yaranmasına gətirib çıxarır.
Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Ankara şəhərində keçiriləcək zirvə görüşünə dəvət olunması və bu səfərin baş tutması mühüm əhəmiyyət daşıyır. Görüş təşkilatın gələcəyi üçün də vacibdir. Belə ki, təşkilata sədrlik Azərbaycandan Türkiyəyə keçəcək və Ankara toplantısında İlham Əliyevin sədrlik səlahiyyətlərini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təhvil verməsi gözlənilir. İlham Əliyevin hətta iki saatlıq iştirak üçün belə Ankaraya gəlməsi gözlənilən addımdır. Əks halda, emosional yanaşmaların beynəlxalq münasibətlərə mənfi təsirlərini qarşıdakı dövrdə daha geniş müzakirə etmək lazım gələcək.
Diplomatiyada yaranan gərginliyi və informasiya çirklənməsini aradan qaldırmağın ən təsirli yollarından biri dövlət başçılarının üz-üzə görüşərək birbaşa fikir mübadiləsi aparmasıdır. Birləşmiş Millətlər Təşkilatının zirvə toplantılarında aralarında fikir ayrılıqları olan dövlət başçılarının da iştirak etməsi, çıxışlar edərək dünyaya mesajlar verməsi nəzərə alınmalıdır. Prezident Rəcəb Tayyib Ərdoğanla Prezident İlham Əliyevin Ankara zirvəsi çərçivəsində görüşü və təmasları iki ölkə arasında soyuqluq olduğu barədə iddialara ən aydın cavab ola bilər. Belə yüksək səviyyəli görüşlər strateji əməkdaşlıq iradəsinin müvəqqəti siyasi mübahisələrdən daha güclü olduğunu bir daha nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin bu toplantıda, hətta qısa müddətə də olsa, iştirak etməsi gözlənilir”.
Politoliq əlavə edib ki, belə zirvə görüşləri və birbaşa təmaslar münasibətlərdəki gərginliyin azalmasına, qarşılıqlı etimadın möhkəmlənməsinə şərait yarada bilər:
“Bunun bir neçə əsas səbəbi var. İlk növbədə, Azərbaycan və Türkiyənin regional təhlükəsizlik, Ermənistanla sülhün təmin olunması, enerji xətləri və Türk dünyasının birliyi kimi ortaq məqsədləri mövcuddur. Bu hədəflər hər iki ölkənin rəhbərliyinin üzərinə rəsmi dostluqdan daha geniş məsuliyyət qoyur. İki ölkə arasındakı münasibətlərin kiçik siyasi dalğalanmalara qurban verilə bilməyəcək qədər böyük geosiyasi əhəmiyyət daşıdığı həm Bakıda, həm də Ankarada yaxşı anlaşılır.
Digər tərəfdən, iki ölkənin xarici işlər nazirlikləri, eləcə də təhlükəsizlik və kəşfiyyat qurumları arasında sıx əlaqələr mövcuddur. Bu əlaqələr yarana biləcək fikir ayrılıqlarının vaxtında müzakirə olunmasına və qarşılıqlı anlaşma yolu ilə həllinə imkan yaradır.
Ankara zirvəsi “Bir millət, iki dövlət” anlayışının siyasi və rəmzi əhəmiyyətini bir daha önə çıxarmaq, gündəmə gələn müvəqqəti fikir ayrılıqlarını geridə qoymaq üçün əlverişli fürsətdir. Görüşdən sonra münasibətlərin daha da möhkəmlənərək davam edəcəyini və mövcud gərginliyin yerini yenidən sıx strateji əməkdaşlığa verəcəyini gözləmək olar.
Azərbaycan Prezidenti İlham Əliyevin indiyədək yaşananları nəzərə alaraq, Türk Dövlətləri Təşkilatının birliyinə kölgə düşməməsi və təşkilatın parçalandığı barədə fikir yaranmaması üçün Ankaraya səfər edərək sədrlik səlahiyyətlərini Rəcəb Tayyib Ərdoğana təhvil verməsi gələcək münasibətlər baxımından da mühüm əhəmiyyət daşıyır”.
Şəbnəm Rəhimova












