DİA-nın akkreditasiya nəticələri müzakirə olunur: - Elman Nəsirovdan açıqlama

  • Müəllif: Orxan
  • 29 Oktyabr 2026 16:33

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında institusional akkreditasiya qiymətləndirilməsi aparılıb.

Gununesi.info xəbər verir ki, Elm və Təhsil Nazirliyinin açıqladığı məlumatda 2025–2026-cı tədris ili üzrə institusional akkreditasiya qiymətləndirilməsi keçirilən ali təhsil müəssisələri sırasında Dövlət İdarəçilik Akademiyasının da adı yer alsa da, amma yekun nəticələrdə uğur qazana bilməyib.

Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, DİA qiymətləndirmədən mənfi cavab alıb.

Mənfi cavabla İdarəçilik Akademiyası Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Dövlət İdarəçilik Akademiyasının verməli olduğu 5 illik Şəhadətnamədən məhrum olub.

Bu o deməkdir ki, ali məktəbin fəaliyyətinin keyfiyyət standartlarına uyğunluğunda ciddi nöqsanlar aşkar edilmişdir.

Bu həm də ali məktəbin keyfiyyət təminatı sahəsində həyata keçirdiyi tədbirlərin sistemsiz xarakter daşımasından xəbər verir. DİA-nın akkreditasiyadan keçməməsi bu ali məktəbin nüfuzuna ciddi zərbə sayılmalıdır.

Lakin məsələ ilə bağlı cəmiyyətdə müzakirələr birmənalı qarşılanmayıb. 

Bu barədə Gununsesi.info-ya Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının professoru, deputat Elman Nəsirov da danışıb.

Məsələ ilə bağlı Elman Nəsirovun fikirlərini olduğu kimi təqdim edirik:

“Son günlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional akkreditasiya qiymətləndirilməsinin nəticələri ilə bağlı mediada müxtəlif məlumatlar yayılır. Məsələnin ictimai əhəmiyyətini nəzərə alaraq, DİA-nın fəaliyyətinə münasibətdə emosional mülahizələrdən deyil, rəsmi sənədlərdən, konkret göstəricilərdən və obyektiv təhlildən çıxış etmək vacibdir.

İlk növbədə qeyd edək ki, akkreditasiya mühüm keyfiyyət təminatı mexanizmidir, lakin onun nəticəsi ali təhsil müəssisəsinin bütün fəaliyyətini, elmi potensialını, məzunlarının uğurlarını və cəmiyyət üçün əhəmiyyətini qiymətləndirən yeganə göstərici deyil. Akkreditasiya nəticəsi konkret meyarlar, aşkar edilmiş uyğunsuzluqlar və onların aradan qaldırılması imkanları çərçivəsində təhlil edilməlidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının institusional akkreditasiya qiymətləndirilməsinin nəticələri ilə bağlı ictimai müzakirələrdə hüquqi dəqiqliyin, obyektivliyin və rəsmi sənədlərə əsaslanmanın təmin edilməsi zəruridir.

Akademiyanın hüquqi mövqeyi Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, Nazirlər Kabinetinin 14 dekabr 2020-ci il tarixli 493 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na və digər müvafiq normativ hüquqi aktlara əsaslanır.

Qanunvericiliyə görə, akkreditasiya təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına və normativ hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi prosedurudur. Bu prosedurun nəticələri səlahiyyətli qurumların qəbul etdiyi rəsmi qərarlar əsasında müəyyən edilir. Buna görə də akkreditasiya ilə bağlı hər hansı məlumatın hüquqi qüvvəsi onun mənbəyi, məzmunu və müvafiq qərarın mövcudluğu nəzərə alınmaqla qiymətləndirilməlidir.

DİA hesab edir ki, onun fəaliyyəti barədə ictimai müzakirələrdə qiymətləndirmənin konkret meyarları, yekun hesabatın məzmunu, müəyyən edilmiş çatışmazlıqların hüquqi əsasları və qəbul edilmiş qərarın nəticələri arasında fərq qoyulmalıdır. Ayrı-ayrı iradlar, qiymətləndirmə nəticələri və bütövlükdə təhsil müəssisəsinin hüquqi statusu eyni anlayışlar kimi təqdim edilməməlidir.

“Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 4.27-ci bəndi təhsil müəssisəsinə yekun hesabatla bağlı rəy təqdim etmək, hesabatı Akkreditasiya Komissiyası ilə müzakirə etmək və razılıq əldə edilmədikdə müəyyən edilmiş prosedurla Apellyasiya Komissiyasına müraciət etmək imkanı verir.

Bu təminatlar akkreditasiya prosesində qiymətləndirmənin əsaslandırılmış, yoxlanıla bilən və mübahisəli məqamlar üzrə obyektiv müzakirəyə açıq olmasının əhəmiyyətini göstərir. Akademiyanın konkret iradlarla bağlı hüquqi mövqeyi müvafiq hesabatlar, sənədlər və normativ meyarlar əsasında müəyyənləşdirilməli, zəruri olduqda qanunvericilikdə nəzərdə tutulmuş müdafiə vasitələrindən istifadə edilməlidir.

DİA-nın dövlət idarəçiliyi sahəsində mütəxəssis hazırlığı, elmi-tədqiqat və analitik-informasiya fəaliyyəti onun institusional missiyasının mühüm elementləridir. Bununla yanaşı, Akademiya həmin missiyanın akkreditasiya tələblərindən kənar istisna yaratmadığını, keyfiyyət təminatının qanunvericiliklə müəyyən olunmuş qaydada qiymətləndirilməli olduğunu nəzərə alır.

Bu səbəbdən akkreditasiya ilə bağlı yekun hüquqi nəticənin yalnız rəsmi qərar, onun əsaslandırılması və qüvvədə olan normativ hüquqi aktlar əsasında formalaşdırılması vacibdir. Akademiyanın fəaliyyəti haqqında ictimaiyyətə təqdim edilən məlumatlar da təsdiqlənmiş faktlara söykənməli, qərarın hüquqi məzmunu ilə bağlı yanlış və ya natamam təsəvvür yarada biləcək ümumiləşdirmələrdən çəkinilməlidir.

Bu həqiqətə söykənərək, DİA məsələnin hüquqi və faktoloji əsaslarla araşdırılmasını, akkreditasiya hesabatında göstərilən iradların konkret meyarlar üzrə qiymətləndirilməsini və qanunvericiliyin verdiyi prosessual hüquqların təmin olunmasını vacib hesab edir.

Məqsəd hər hansı qiymətləndirmədən yayınmaq deyil, təhsilin keyfiyyətinə dair qərarların qanunvericilik, obyektivlik və prosedur təminatları prinsiplərinə uyğun qəbul edilməsini təmin etməkdir.

Hazırda ən vacib sənəd Akademiyanın 2025–2026-cı tədris ili üzrə akkreditasiya qiymətləndirilməsinin tam yekun hesabatı və Akkreditasiya Şurasının rəsmi qərarıdır. TKTA-nın rəsmi saytında ali təhsil müəssisələrinin institusional akkreditasiya hesabatları üçün ayrıca bölmə mövcuddur.

Həmin sənədlər əldə edildikdən sonra hüquqi təhlildə aşağıdakıları yoxlamaq lazımdır:

-qiymətləndirmə meyarlarının düzgün tətbiqi;

-hesabatda göstərilən faktların DİA-nın təqdim etdiyi sənədlərlə uzlaşması;

– iradların konkret normativ tələbə bağlanması;

– yekun hesabat və apellyasiya mərhələlərinin prosedura uyğunluğu;

– qərarın DİA-ya və müvafiq proqramlara dair hüquqi nəticələrinin dəqiq müəyyənləşdirilməsi.

Əgər sənədlərdə prosedur pozuntusu, faktların yanlış qiymətləndirilməsi və ya qərarın əsaslandırılmasında hüquqi çatışmazlıq müəyyən edilərsə, həmin nöqsanlar ayrıca əsaslandırılmalı və qanunvericiliyə uyğun qaydada mübahisələndirilməlidir.

DİA-nın Mətbuat Xidməti artıq bu istiqamətdə ilkin addım atıbdır. Belə ki, yayılan məlumatlarla bağlı açıqlamasında bildirib ki, akkreditasiya prosesinin nəticələri səlahiyyətli dövlət qurumu tərəfindən hər bir ali təhsil müəssisəsi üzrə proses tam başa çatdıqdan sonra açıqlanır. DİA, eyni zamanda, 2025–2026-cı tədris ilində fəaliyyətini davam etdirdiyini və yüksək nəticə göstərən abituriyentlərin onun ixtisaslarını seçdiyini diqqətə çatdırıb.

DİA-nın təhsil sahəsindəki mövqeyini göstərən konkret faktlardan biri 2025–2026-cı tədris ili üzrə qəbul göstəriciləridir. Rəsmi məlumatda 395 bakalavr və 165 magistr tələbənin qəbul olunduğu, qəbul planının tam dolduğu bildirilir. Azərbaycan bölməsi üzrə 692,5 bal toplayan abituriyentin məhz bu ali təhsil ocağını seçməsi də təhsil müəssisəsinə marağın göstəricilərindən biridir.

Əlbəttə, qəbul nəticələri özlüyündə tədrisin bütün keyfiyyət parametrlərini müəyyən etmir. Bununla belə, tələbələrin seçimləri, qəbul göstəriciləri və təhsil müəssisəsinə olan maraq Akademiyanın fəaliyyətinin qiymətləndirilməsində nəzərə alınmalı amillərdir.

Akademiyanın inkişafı yalnız bakalavr və magistr hazırlığı ilə məhdudlaşmır. Onun 2025–2030-cu illər üzrə Strateji İnkişaf Planında elmi-tədqiqat və innovasiya fəaliyyətinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müasir tədris metodlarının tətbiqi və dövlət idarəçiliyi sahəsində rəqabətqabiliyyətli kadrların hazırlanması əsas istiqamətlər kimi müəyyənləşdirilib.

Beynəlxalq əlaqələr, elmi tədbirlər və xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq Akademiyanın inkişaf potensialını artıran istiqamətlərdir. Bununla yanaşı, onun məzunlarının dövlət qulluğunda, rəhbər vəzifələrdə, “Yüksəliş” müsabiqəsinvə xaricdə magistratura təhsili üzrə nəticələri də DİA-da təsilin səviyyəsi haqqında dolğun olduğu qədər də nikbin rəy formalaşdırır.

DİA-da elmi fəaliyyəti baxımından digər mühüm məqam Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə siyasi elmlər üzrə doktorantura pilləsində dissertasiya müdafiəsi üzrə şuranın fəaliyyətinin yenidən bu ali təhsil ocağına həvalə edilməsidir. Bu qərar DİA-nın siyasi elmlər istiqamətində elmi fəaliyyətinin davam etdirilməsi üçün institusional əhəmiyyət daşıyır.

Məsələnin digər tərəfi akkreditasiya prosesinin şəffaflığı və nəticələrinin əsaslandırılmasıdır. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyəti ilə bağlı Hesablama Palatasının 2023–2025-ci illəri əhatə edən auditində müəyyən nöqsanların göstərilməsi agentliyin institusional fəaliyyətinin də diqqətlə araşdırılmasının vacibliyini gündəmə gətirir.

Ona görə də cəmiyyət üçün ən faydalı yanaşma qiymətləndirmə hesabatının, yekun qərarın və konkret meyarlar üzrə müəyyən edilmiş uyğunsuzluqların açıqlanmasıdır. Yalnız bu halda Akademiyanın hansı sahələrdə irəliləyiş əldə etdiyi, hansı istiqamətlərdə təkmilləşməyə ehtiyac olduğu və növbəti mərhələdə hansı tədbirlərin görülməli olduğu obyektiv müəyyən edilə bilər.

Dövlət İdarəçilik Akademiyası dövlət idarəçiliyi sahəsində mütəxəssis hazırlığı həyata keçirən ixtisaslaşmış ali təhsil müəssisəsidir. Onun fəaliyyətinin qiymətləndirilməsi də bu missiya, təhsil nəticələri, elmi potensial, məzunların fəaliyyəti və institusional inkişaf göstəriciləri nəzərə alınmaqla aparılmalıdır.

Sonda onu da qeyd edək ki, DİA-nın mövqeyi hər hansı nöqsanın mövcudluğunu əvvəlcədən inkar etmək deyil, onun fəaliyyətinə dair bütün faktların obyektiv araşdırılmasını tələb etməyi özündə ehtiva edir. Əgər qiymətləndirmədə konkret çatışmazlıqlar müəyyən edilibsə, onlar açıq şəkildə göstərilməli və aradan qaldırılması üçün imkan yaradılmalıdır. Eyni zamanda, Akademiyanın real nailiyyətləri də nəzərdən kənarda qalmamalıdır.

Təhsil müəssisəsinə münasibətdə obyektivlik həm keyfiyyət standartlarına hörmət etməyi, həm də sübuta yetirilməmiş iddiaları yekun hökm kimi təqdim etməməyi tələb edir. Dövlət İdarəçilik Akademiyasının fəaliyyəti barədə əsaslandırılmış nəticə də yalnız bu iki prinsipin uzlaşdırılması ilə mümkündür.

Elman Nəsirov, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor

Orxan

Gununsesi.info