İqtisadçı Natiq Cəfərli Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun iqtisadçılarla görüşündə hökumətin iqtisadi siyasətinin hədəflərinin dəyişdirilməsinin vacibliyini vurğulayıb.
Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, Mərkəzi Bankın yeni binasında keçirilən görüşdə bir sıra mühüm məsələlər müzakirə olunub. İqtisadçı Taleh Kazımova dəvətə və açıq müzakirəyə görə təşəkkür edib və bu cür görüşlərin artıq yaxşı ənənəyə çevrildiyini qeyd edib.
Natiq Cəfərlinin sözlərinə görə, görüşdə səsləndirilən müsbət yeniliklərdən biri gələn il aprelin 1-dən etibarən vətəndaşların maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka köçürə bilməsi ilə bağlıdır.
O bildirib ki, növbəti mərhələdə pensiya alan şəxslərin də eyni qaydada bank seçmək imkanının yaradılması nəzərdə tutulur. Bu addımların banklar arasında rəqabəti gücləndirəcəyi, müştəriləri cəlb etmək üçün daha sərfəli şərtlərin təklif edilməsinə şərait yaradacağı gözlənilir.
İqtisadçı, həmçinin, dövlət qurumlarında müəyyən cərimə və ödənişlər zamanı vətəndaşlardan tutulan bank xidmət haqları məsələsinə toxunub.
Onun sözlərinə görə, təxminən 14 dövlət qurumu üzrə bu problemin yanvar ayına qədər həll edilməsi və vətəndaşların əlavə xidmət haqqı ödəməməsi gözlənilir.
Natiq Cəfərli çıxışında hökumətin iqtisadi siyasətinin prioritetlərinin dəyişdirilməsinin vacibliyini bildirib.
O qeyd edib ki, Mərkəzi Bankın mandatına birbaşa iqtisadi aktivliyin və ÜDM-in artırılması daxil olmasa da, bu məsələlər İqtisadi Şuranın müzakirə edə biləcəyi əsas mövzulardandır.
İqtisadçı hesab edir ki, hökumətin əsas məqsədi vergi, rüsum və cərimələr vasitəsilə büdcəyə daha çox vəsait toplamaq deyil, iqtisadi artımı sürətləndirmək, biznes fəallığını artırmaq və kiçik və orta sahibkarlığın inkişafına şərait yaratmaq olmalıdır.
“Hökumətin hədəfi, məqsədi iqtisadi artım, iqtisadi canlanma, kiçik-orta sahibkarların dirçəlməsi, bir sözlə, əhalinin daha çox qazanması, ÜDM-in daha çox artması olmalıdır. Bu zaman büdcəyə daha çox vəsait daxil olması hədəf deyil, nəticə olacaq”, – deyə Natiq Cəfərli bildirib.
O, Taleh Kazımovdan bu məsələnin İqtisadi Şuranın növbəti toplantısında ciddi şəkildə müzakirə olunmasını xahiş etdiyini vurğulayıb.
Natiq Cəfərli iqtisadi aktivliyin zəifləməsinin Mərkəzi Bankın statistikasında da göründüyünü qeyd edib.
Onun sözlərinə görə, bank sektorunda təxminən 6 milyard manata yaxın izafi likvidliyin olması, eyni zamanda biznesin kreditlərə marağının zəif qalması iqtisadiyyatda mövcud problemlərin göstəricilərindəndir.
İqtisadçı bunu sahibkarların gələcək iqtisadi vəziyyətə və biznes aktivliyinin artacağına inamının zəifləməsi ilə əlaqələndirib.
O, fiziki şəxslərin valyuta alışının da kəskin azalmasını iqtisadi aktivliyin zəifləməsinin əlamətlərindən biri kimi qiymətləndirib.
Natiq Cəfərli yekunda bildirib ki, iqtisadi nəticələrin yaxşılaşması üçün ilk növbədə hökumətin iqtisadi siyasətinin hədəfləri dəyişməlidir.
“Bir sözlə, hökumətin hədəfi dəyişməlidir ki, nəticə də dəyişsin”, – deyə iqtisadçı vurğulayıb.
Elmar











