Rusiya Türk Dövlətləri Təşkilatına üzv olmaq istəyir

“Türk Dövlətləri Təşkilatının Türkiyədə keçirilən XIII Zirvə görüşündə Qazaxıstan Prezidenti tərəfindən Rusiyanın təşkilata müşahidəçi üzv statusunda qoşulması ilə bağlı irəli sürdüyü təklif birliyə xidmət etmir. Bu təşəbbüs birbaşa Moskvanın maraqlarına xidmət edir və Rusiyanın Türk Dövlətləri Təşkilatına cəlb olunması ideyasının arxasında Kremlin siyasi maraqları dayanır”.

Bu fikirləru Gununesi.info-ya açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“Qazaxıstan Prezidentinin belə bir təşəbbüslə çıxış etməsi Türk dünyasının birliyinin möhkəmləndirilməsinə və təşkilatın institusional inkişafına xidmət etmir. Əksinə, bu, təşkilat daxilində gələcəkdə fikir ayrılıqlarının yaranmasına və birliyin zəifləməsinə gətirib çıxara bilər.

Xatırladım ki, Qazaxıstan Prezidenti Qəbələdə keçirilən zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının hərbi əməkdaşlığının gücləndirilməsi və gələcəkdə hərbi blokun formalaşdırılması ilə bağlı yanaşmasına müəyyən etirazını bildirmişdi. O, təşkilatın əsasən siyasi-iqtisadi platforma kimi fəaliyyət göstərməsinin tərəfdarı olduğunu vurğulamışdı. Bununla belə, Azərbaycan, Türkiyə və Özbəkistan arasında hərbi əməkdaşlıq və birgə təlimlər istiqamətində proseslər davam edir.

Rusiyanın Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi cəlb edilməsi təşkilatın gələcək fəaliyyəti üçün ciddi risklər yarada bilər. Moskva çalışacaq ki, öz siyasi və geosiyasi maraqlarını bu platforma vasitəsilə reallaşdırsın. Nəzərə almaq lazımdır ki, Türk Dövlətləri Təşkilatının coğrafiyası Cənubi Qafqazı və Mərkəzi Asiyanı əhatə edir. Rusiya isə uzun illərdir bu regionları özünün ənənəvi təsir dairəsi hesab edir və burada nüfuzunu qorumağa çalışır.

Belə bir şəraitdə Rusiyanın təşkilata daxil olması Türk Dövlətləri Təşkilatının müstəqil siyasi xəttinə mənfi təsir göstərə, həmçinin Qərb ölkələrinin təşkilata münasibətində də müəyyən narahatlıqlar yarada bilər. Çünki Moskvanın bu platformada təmsil olunması təşkilatın geosiyasi mahiyyətini dəyişdirmək cəhdi kimi qiymətləndirilə bilər.

Türk Dövlətləri Təşkilatına üzv ölkələr Rusiyanın müşahidəçi üzvlüyü məsələsinə prinsipial yanaşmalı və bu təşəbbüsə etiraz etməlidirlər. Çünki təşkilatın əsas mahiyyəti türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni və strateji əməkdaşlığın gücləndirilməsidir.

Rusiya Federasiyasının tərkibində türk xalqlarının yaşaması və ayrı-ayrı türk mənşəli subyektlərin mövcudluğu Rusiyanın bütövlükdə türk dövləti olması anlamına gəlmir. Türk Dövlətləri Təşkilatı məhz türk dövlətlərinin ortaq maraqları və milli kimliyi əsasında formalaşmış platformadır. Buna görə də onun fəaliyyətində əsas prinsip türk dövlətlərinin birliyinin qorunması və möhkəmləndirilməsi olmalıdır. Qeyri-türk dövlətlərinin təşkilata cəlb edilməsi isə bu mahiyyətə uyğun deyil”.

 

 

Gununesi.info