Uzun müddət idi ki, sosial şəbəkələrdən uzaqlaşan, Azərbaycanda yaşamayan Ağalar Məmmədov (Ağalar Qut) hazırda sosial şəbəkələrə geri dönüb.
O, illər əvvəl daha çox ateist düşüncəli filosof kimi tanınsa, məşhur “Aşma” kitabını yazsa da, izləyicilər onun bu istiqamətdə düşüncələrinin dəyişdiyini də deyir.
Bu isə bir mənalı qarşılanmır.
Sosial şəbəkələrə qayıdan Ağalar Məmmədov fəlsəfi axtarışlarından, ikili başlanğıc problemindən, Allah anlayışından və müəlliflə dövr arasındakı münasibətdən bəhs edən düşüncə yazısı ilə çıxış edib.
Gununsesi.info xəbər verir ki, müəllif yazısında 20 il əvvəl əfsanəvi “Alma” qəzetində dərc etdirdiyi ilk məqaləsini – “Ən ilkin başlanğıc”ı xatırladaraq, o vaxtdan bəri ilkin başlanğıcın mahiyyətini, Allahı və varlığın əsaslarını axtarmağa davam etdiyini bildirir.
Ağalar Məmmədov insan və Allah, cəmiyyət və fərd, azadlıq və sədaqət, bütöv və hissə, dövr və müəllif kimi qarşı-qarşıya qoyulan fəlsəfi anlayışların yaratdığı dualizmin sərhədlərinə diqqət çəkir.
Onun fikrincə, hər arqumentin qarşısında əks arqumentin mövcudluğu fəlsəfəni ikili seçimlərin qapalı dairəsində saxlayır.
Müəllif bu dilemmanın həllini Buddist fəlsəfəsindəki “qarşılıqlı asılılıq prinsipi”, Naqarcunanın “asılı yaranma” anlayışı və qədim Çin düşüncəsindəki “yin-yanq” fəlsəfəsi ilə əlaqələndirir.
O, başlanğıcın tək deyil, ikili və qarşılıqlı asılılıq əsasında mövcud olması fikrini öz fəlsəfi axtarışlarının əsas istiqamətlərindən biri kimi təqdim edir.
Yazıda xüsusi yer tutan “qıl körpüsü” metaforası isə müəllifin ikili başlanğıcı aşmaq cəhdini ifadə edir.
Ağalar Məmmədovun yanaşmasına görə, iki müsbət və ya məqbul dəyər arasında fərq bəzən cəmi bir tük qədər ola bilər. Həmin incə fərqi tapmaq isə fəlsəfi axtarışın özüdür.
“Ən ilkin başlanğıc tük qədər imiş, tük incəliyində imiş. O fərqi tapmaq tükü tapmaq qədər çətin imiş. Sən demə, ‘Allah’ tük imiş”, – deyə filosof yazır.
Müəllif “Aşma” kitabına da toxunaraq, həmin əsərin yazılmasında təkcə müəllifin deyil, dövrün də məsuliyyət daşıdığını vurğulayır.
Onun sözlərinə görə, indiki dövr ona həmin kitabı yazdırmaq istəməzdi, çünki özü də artıq o kitabı yazmazdı.
Ağalar Məmmədov Şərqdə mütəfəkkirlərin həm tərəfdarlarının pərəstişi, həm də rəqiblərinin təqibi ilə üzləşdiyini qeyd edir.
O, vaxtilə mürəkkəb fəlsəfi terminologiyadan çıxaraq mediaya və geniş ictimaiyyətə üz tutduğunu, hazırda isə daha çox akademik fəlsəfə, gələcək Azərbaycan mütəfəkkirləri və universitetlər üçün kitablarını nəşrə hazırladığını bildirir.
Filosofun fikrincə, onun əsas məqsədi insanlara hazır cavablar təqdim etməkdən daha çox, onlarda fəlsəfi sualların ardınca getmək həvəsi və bacarığı yaratmaq olub. O, başqalarının nöqtə qoyduğu yerdə vergül qoymağı, sualları açıq saxlamağı və daim fəlsəfələməyi üstün tutduğunu bildirir.
Ağalar Məmmədov yazısını oxuculara ünvanladığı düşündürücü sualla tamamlayır:
“İndi nə deyirsiz, deyirsiz təzədən başlayaq, yoxsa təzəsini başlayaq?”
Orxan











