
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin sülh yolu ilə həlli yalnız onun Rusiya prezidenti Vladimir Putinlə birbaşa görüşündən sonra mümkün ola bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə “European Pravda”məlumat yayıb. Bildirilir ki, Tramp bu fikirləri “Air Force One” təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Jurnalistlərin Rusiyanın Ukrayna ilə danışıqlar üçün İstanbula göndərdiyi nümayəndə heyətinə dair sualını cavablandıran Tramp bildirib ki, bu barədə məlumatsızdır və məsələyə maraq göstərməyib: “Heyət barədə heç nə bilmirəm. Ümumiyyətlə maraqlanmamışam”.
O, əlavə edib ki, Rusiya-Ukrayna müharibəsinin diplomatik yolla həlli yalnız onun Rusiya prezidenti Vladimir Putinlə birbaşa görüşündən sonra mümkün olacaq: “Putinlə mən görüşənə qədər heç nə baş verməyəcək. Açıq deyirəm, o (Putin – red.) ora getməyəcəkdi. Getməyə hazırlaşırdı, çünki mən də orada olacaqdım. Amma mən olmayanda, o da getməyəcək. Bu görüş baş tutmayınca heç nə dəyişməyəcək. İstəsək də, istəməsək də belədir”.
Qeyd edək ki, hazırda Ukrayna prezidenti Volodimir Zelenski mayın 15-də Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirir.
Şəbnəm