“Telegram” ciddi şəkildə Rusiya maraqlarına xidmət edir

  • By admin
  • 28 Avqust 2024 13:56
Siyasi şərhçi Şahin Cəfərli “Telegram”ın təsisçisi Pavel Durovun həbsi ilə bağlı  Rusiyada və Qərb dünyasından olan reaksiyaları şərh edib.
Gununsesi.info-ya açıqlamasında ekspert deyib ki, bu həbs ilk olaraq, söz, media azadlığı kimi təməl dəyərlərə zidd olduğu fikrini formalaşdırır: “Fransanın bu addımı ümumən bütün Qərbin nüfuzuna zərbədir. Lakin hadisəyə verilən reaksiyalara görə fikrimdən daşındım. Putin rejimi mənsublarının, rus faşistlərinin isterik münasibəti və onların Qərbdəki müttəfiqlərinin, həmfikirlərinin rəyləri məndə o qənaəti yaratdı ki, “Telegram” ciddi şəkildə Rusiya maraqlarına xidmət edir. Onu da öyrəndik ki, Rusiya ordusu hərbi rabitə vasitələrindən daha çox, məhz “Telegram”dan istifadə edir, əmrlər, tapşırıqlar bu platforma üzərindən çatdırılır”.
Şahin Cəfərlinin sözlərinə görə, bir Rusiya hərbi səhifəsi  maraqlı xəbər yazıb. Yazıb ki, “Rusiya Silahlı Qüvvələrinin rabitə rəisi həbs edilib”. Rus əsgərləri, fotoda gördüyünüz kimi, mərmilərin üzərinə “Za Durova” yazıb, Ukrayna əsgərlərinə tərəf atır. Yəni məntiq onu deyir ki, Durov bunlar üçün çox qiymətli biridir.
Mən bu həbsə haqq qazandırmıram və Durova qarşı ittihamların haqlı olub-olmadığını bilmirəm. “Qərb nə edirsə, düz edir” fikrindən də uzağam, necə deyərlər, kimsə məsum deyil. Aydındır ki, həbs siyasi mahiyyət daşıyır. Güman ki, Fransa və Qərb xüsusi xidmətləri Durovdan müəyyən qiymətli informasiyalar almağa, ola bilər ki, rusiyalıların dediyi kimi, şəbəkənin “açar”larını əldə etməyə çalışacaqlar.
Post SSRİ dövründə dünya az qala bir norma kimi qəbul edib ki, Rusiya Qərb cəmiyyətlərinin açıqlığından, qanunlarının liberallığından yararlanıb, onlara nüfuz edə, siyasi, mətbu, akademik, hətta hərbi çevrələrini korrupsiyalaşdıra, içəridən onları çürüdə və bütün bunları edərkən hələ üstəlik, yaxşı da pul qazana bilər. Bu qavrayış səbəbindən həmin dövlətlər gec də olsa, hərəkətə keçib, özünümüdafiə tədbirləri görməyə başlayanda hay-küy qopur ki, bəs, siz axı liberal demokratiyasız, necə belə addım ata və Rusiya kimi davrana bilərsiz? Yəni “aç qapını, Rusiya gəlib səni öldürsün” məntiqi. Halbuki qlobal mübarizə gedir, tərəflərdən biri “müharibədə bütün vasitələr yaxşıdır” anlayışına əsaslanıb tam sərbəst, türk qardaşlarımız demişkən, hunharca hərəkət edəndə anlamalıdır ki, qarşısındakılar da əvvəl-axır eyni anlayışı sahiblənib, cəza kəsə bilər. Demokratiyalar özünü müdafiə etməyi bacarmalıdır.
Durovun məsələsinə qayıtsaq, o, çox zəngindir, dünyanın ən məşhur vəkillərini tutmaq imkanındadır, içəridə də şəraitinin çox yaxşı olacağına şübhə yoxdur, bəlkə də az sonra sərbəst buraxılacaq. “Telegram” da açıqdır, işləyir. Yəni faciə baş verməyib”.
Afət Abbasova
Gununsesi.info