
İki gün əvvəl Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbulun nəticələri elan edildi.
Bu il ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin sayı əvvəlki illərinə müqayisədə kəskin şəkildə artıb. Belə ki, rəsmi açıqlamaya görə bu il 55 656 nəfər Azərbaycan universitetlərinə qəbul oldu. Bu isə Azərbaycan təhsil tarixində ən yüksək göstəricidir.
Bəs görəsən, bu rekord nəticə növbəti illərdə balların yuxarı qalxmasına öz təsirini göstərəcəkmi?
Universitetlər 55 656 tələbənin yüksək şəkildə təhsil alması üçün müvafiq şəraitin yaradılmasına hansı təminatlarını verəcək?
Bu gün Azərbaycan universitetləri bu kontingentdən mütəxəssis hazırlaya bilirmi?
Gununsesi.info-nun müxbiri bu və ya digər suallara aydınlıq gətirmək üçün Milli Məclisin deputatı, təhsil eksperti Etibar Əliyevə müraciət edib.
Son nəticənin ölkəmiz üçün sevindirici olduğunu vurğulayan Etibar əliyev deyir ki, yüksək nəticələr inkişafın getdiyinin ifadəsidir: “Biz buna sevinirik. Ancaq əhalinin sayına görə tələbə sayı deyilən tədqiqatlar var. Azərbaycan postsovet ölkələrinin içərisində geridə qalır. Yəni bizdə on min nəfərə düşən tələbənin sayına görə biz geridəyik. Son dövrlərdə yeni universitetlərin yaradılması da tədqirə layiqdir. Qarabağ Universiteti və Türkiyə – Azərbaycan Universitetində artıq qəbul prosesinin həyata keçirilməsi və yerlərin dolması sevindiricidir. Bu gün düşündürücü hal isə budur ki, bu özəl ali məktəblərinin ölkədə çəkisi nə qədərdir? Nə üçün ən aşağı bal toplayanlar özəl ali məktəblərə üz tuturlar?
Təəssüf ki, bu gün universitetlərin əsas çiddi problemlərindən biri müəllim hazırlığıdır ki, bu da bü gün çox aşağı səviyyədədir. Bu gün müəllimlər mütaliə etmirlər. Bu barədə polemikada aparmaq olar. Kitab mağazalarından nə qədər müəllim kitab alır, hansı dilləri bilir və s. Bütün bunlar onu göstərir ki, onlar tələbələrə dəqiq dövr üçün lazım olan mükəmməl biliklərin mənbəyini göstərə bilmirlər.
Universitet müəllimləri orta məktəb müəllimlərindən fərqli olaraq elmi dərəcəyə malik olan şəxslərdir.Ən azı onlar magistratura pilləsini bitirməlidirlər. Fəlsəfə doktoru, elmlər doktoru, elmi dərəcələri olan şəxslər tədrisə qoşulmalıdır. Yazılan dissertasiyalar və dissertasiyaların kütləviliyi də, kütləvi xarakter alması, mövzuların təkrarlanmasını nəzərə alsaq, deməli, universitet müəllimlərinin bu tədris prosesinin dövrün tələbinə uyğun şəkildə qura bilməmələri barədə mülahizə irəli sürmək olar.
Digər ciddi problemlərdən biri də dərslik problemidir. Mən dəfələrlə bu mövzuya toxunmuşam. Bu gün demək olar ki, ali məktəblərdə dərslik problemi çox ciddi problemdir. Dünyada bütün ixsaslar üzrə çox tanınmış dərsliklər var ki, onların tərcüməsi, prosesi demək olar ki, həyata keçirilmir”.
Etibar Əliyev vurğulayır ki, bu gün startupların zəif olması, silikon vadisinin olmaması bu gün üçün, əsas ixtisasların tələbələrin praktikasına yiyələnməsi üçün yetərli deyillər: “Ən əsası budur ki, bu gün bizim universitetlər düşüncə fənlərini, düşüncə elmlərini, fəlsəfəni, psixologiyanı arxa plana atıblar. Universitet həm mütəxəssis , həm mədəni şəxsi yetişdirməlidir, həm tələbəni tədqiqatlara cəlb etməli, həm də şəxsiyyat formalaşdırmalıdır. Bu fənnlərin bu gün tədrisində çox ciddi qüsurlar var və indiyə qədər də, bir çox universitetlərimizdə ötən əsrin 80-90-cı illərin sarı konspektlərindən tədris prosesi aparılır. Laboratoriyalar yenilənməyib. Əksəriyyəti ötən əsrin 80-ci, 90-cı illərində qalan laboratoriyalardır”.
E. Əliyevin fikrincə universitet tələbələrinin universitet vəsaiti hesabına yaşanması, elmə doğru yaxınlaşmaq imkanlarımızı məhdudlaşdırıb:
“Universitetlər vəsait qazana bilmirlər. Onlar dövlətin ödədiyi və ya tələbənin köçürdüyü vəsait hesabına yaşayır. Əgər universitet özü vəsait qazana bilmirsə, burada mən düşünürəm ki, hansısa bir ciddi tədqiqatlardan, ciddi pedaqoji yeniliklərdən və yeni məzmunun maliyyələşməsindən söhbət gedə bilməz. Bir məsələyə də toxunmaq istərdim ki, bu gün bir neçə universitet də var ki, artıq ciddi şəkildə önə çıxıblar. Bu gün dünyada sıçrayışlı universitet modelləri var ki, inkişaf ediblər ki. Bu inkişafın səbəbi təkcə dövlətin vəsaiti hesabına yox, həmçinin, filantropların, xeyriyyəçilərin hesabına bacarıblar. Bizdə də belə çevik universitetlərin adını çəkmək olar”.
Deputat bildirir ki, bir daha vurğulayır ki, yüksək bal yığan şagirdlərin uğurları sevindiricidir və yüksək nəticənin göstərilməsində ilk öncə tələbələrin regionlar üzrə nəticələri, daha sonra isə valideyn və repetitorların rolu önəmlidir.
Növbəti illərdə ballar barəsində əvvələcədən proqnozdaşdırmağı çətin hesab edən ekspert deyir ki, bu barədə danışmaq çətindir:
“Ballar aşağı da düşə bilər, yuxarı da qalxa bilər. Əsas məsələ ondan ibarətdir ki, aşağı nəticənin kəsimi çox böyük olmasın. Yəni aşağı nəticənin kəsimi 40% təşkil edirsə bu artıq həyacan təbili deməkdir və bu funksional savadsızlığın elementlərindən irəli gəlir. Təbbi ki, aşağı balla daxil olan tələbəni də mütəxəssis kimi yetişdirmək mümkün deyil. Bir çox universitetlər var ki, onlar tələbənin zəif nəticə göstərməsindən asılı olmayaq istəmir ki, tələbənin vəsaitindən məhrum olsun. Çünki onlar açıq şəkildə bir şey bəyan edirlər ki, biz bunun hesabına yaşayırıq. Bir məsələyə də toxunum ki, universitetlərdə təhsilin keyfiyyətindəki dəyişiklik çox ləng gedir. Bu da şübhəsiz ki, ailə məktəb rəhbərlərinin səriştəsindən asılıdır. Eyni zamanda profesor müəllim heyətinin keyfiyyətə cavabdehlik daşımaması da mühüm rol oynayır. Çoxlu səbəbləri sadalamaq olar. Əsas görsənən məqam ondan ibarətdir ki, təhsil haqqlarını qaldırsalar da, keyfiyyət dəyişiklikləri çox zəif gedir. Yüksək bal toplayanlara keyfiyyətli təhsil vermək kimi bir məsuliyyəti universitet artıq çəkə bilmir. Mən yenə də gənclərə bir optimizm arzulayıram və universitet rəhbərlərində tövsiyyəmiz budur ki, gənclik, bilik və elm yolunda heç zaman sönməsinlər.
Gununsesi.info-ya danışan təhsil eksperti Kamran Əsədov deyir ki, bu il rekord sayda tələbə qəbulunun həyata keçirilməsi növbəti illərdə də bu prosesin davam etməsinə gətirib çıxaracaq:
“İlk növbədə qeyd edim ki, bu il ali təhsil müəssisələrinin bakalavr pilləsinə maksimum sayda tələbə qəbulu həyata keçirilir ki, bu da Azərbaycanın müstəqillik dövründə ən böyük rəqəmlərdir. Gələn illərdə ali təhsil müəssisələrinə qəbul planı yeri daha da artacaq. Yəni dövlət strategiyasına əsasən bu il ali təhsil müəssisələrinin bakalavr pilləsinə 60 minə yaxın tələbə qəbulu həyata keçirilməsi proqnozlaşdırılırdısa, 2025-ci ildə bu rəqəm daha da artacaq. Yəni 65 minə yaxın tələbə qəbulunun həyata keçirilməsi proqnozlaşdırılır. Digər tərəfdən, təbii ki, ümumilikdə biz gözləyirik ki, növbəti illərdə də ciddi bir bal yüksəlişi, xüsusən İKT ixtisaslarında, yəni birinci ixtisas qrupunda kompüter elmləri, kompüter mühəndisi, informasiya texnologiyaları ixtisasında olacaq ki, bu da tələbələrin indidən daha yaxşı hazırlaşmasına məcbur edir. İndiyə qədər Azərbaycanda keçən il 48 minə yaxın abituriyent ali təhsil müəssisələrinə qəbul olmuşdu. Müqayisə üçün deyim ki, 2010-cu ildə ali təhsil müəssisələrinə qəbul plan yeri 29000 idi. 2024-cü ildə isə artıq kifayət qədər böyük sayda tələbə 55 mindən çox tələbə bakalavr pilləsinə qəbul oldu. Bunlar yaxşı rəqəmlərdir. Ümumilikdə ixtisas seçimli qruplar üzrə təhlil edəndə görürük ki, ən ciddi bal artımı 1-ci ixtisas qrupunda riyaziyyat, informatika alt qrupunda oldu. Burada informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüterin kompüter mühəndisi ixtisaslarında böyük bal artımı müşahidə edə bildik. Bundan başqa, tibb ixtisası üzrə ali məktəblərə qəbulda 4-cü ixtisas qrupunda balların yüksəlişi müşahidə olundu. Bunun əsas səbəbi mart ayında keçirilən buraxılış imtahanlarında şagirdlərin nəticələrinin kifayət qədər yaxşı olması ilə bağlıdır. 2-ci ixtisas qrupunda tədrisin ingilis dilində aparıldığı ixtisaslarda biz artım müşahidə etdik. Belə ki, keçən il 600 ətrafında olan ballar bu il daha yüksək səviyyədə oldu”.
Kamran Əsədovun fikrincə, sevindirici hal ondan ibarətdir ki, bu il yeni yaranan, istər Qarabağ Universitetində istər Türkiyə- Azərbaycan Universitetində ballar artıq ciddi şəkildə formalaşa bildi: “Artıq yeni universitetlər Azərbaycanda ali təhsil müəssisələri arasında rəqabət mühiti yaradacaq. Məsələn, Qarabağ Universitetində elə birinci ildə istər 1-ci qrupda, istər 3-cü qrupda yüksək balların keçid ballarının formalaşması gənclərin sürətlə doğma torpaqlarda oxumaq istəyini, həmçinin Qarabağ Universitetində yaradılan şəraitin gənclərin bura getməsinə imkan verdi. Yəni biz təkcə baxırıq ki, Qarabağ Universitetinin hüquq fakültəsində 609 bal formalaşdı. Bakı Dövlət Universitetində bu rəqəm ödənişsiz ixtisaslarda 613 baldır. Yəni birdən birə bu qədər yüksək bal, abituriyentlərin Qarabağ Universitetinin seçməsi yaxşı haldır. İşğaldan azad edilmiş tarixi torpaqlarımızda, təhsil mühitinin bərpasına öz böyük töhfəsini verəcəkdir. Daha sonra Türkiyə-Azərbaycan Universitetində isə kompüter mühəndisliyi ixtisasında 641 bal keçid balı formalaşdı ki, bu, Bakı şəhərində yerləşən digər universitetlərin nəticələrindən yüksəkdir”.
Ekspert, Qarabağ Universitetində proqnozlaşdırılmış 1120 plan yerin hamısını yüksək ballarla abituriyentlərin qəbul edilməsini sevindirici hal hesab edir:
O, qeyd edir ki, artıq Azərbaycanda ali təhsil müəssisələri arasında yeni bir rəqabət mühiti formalaşdı: “Həm Türkiyə-Azərbaycan Universiteti, həm Qarabağ Universiteti artıq bizdə təhsilin ali təhsilin keyfiyyətinə öz müsbət təsirini birmənalı şəkildə göstərəcəkdir. Digər tərəfdən, ixtisas qrupları arasında təhlillər aparanda görürük ki, region universitetləri arasında Sumqayıt Dövlət Universitetinə ciddi şəkildə maraq oyanmağa başladı. Sevindirici hal ondan ibarətdir ki, Bakı şəhərində hətta ixtisas seçimi edən abituriyentlər, Bakı Dövlət Universitetindən sonra ikinci yerdə digər universitetləri yox, məhz Sumqayıt Dövlət Universitetini seçməkdə maraqlı oldular ki, bu da son bir il ərzində Sumqayıt Dövlət Universitetində aparılan müsbət işlərin nəticəsidir. Yəni artıq regional universitetlər regional universitet olmaqdan çıxıb. Azərbaycan miqyasında yaxşı universitet brendi kimi formalaşmağa başlayıb”.
Şəbnəm Rəhimova
Gununsesi.info