Tədqiqat universitetləri harada yaradılır?

  • By Günel
  • 29 Aprel 2025 21:26

Azərbaycanda tədqiqat potensialı yüksək olan 2 universitetin bazasında tədqiqat universitetinin yaradılması məsələsi hazırda müzakirə olunur.

Gununsesi.info xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, müvafiq qərar qəbul edildikdən sonra ictimaiyyətə məlumat veriləcək.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, tədqiqat universitetlərinin Bakı Dövlət Universiteti (BDU), Neft və Sənaye Universitetlərinin (ADNSU) tərkibində yaradılması planlaşdırılır.

BDU-dan Teleqraf-a bildirilib ki, 2026-cı ilə qədər ölkəmizdə elmin inkişafı və dünya səviyyəsində mövqeyinin yüksəlməsi üçün tədqiqat universitetlərinin yaradılması nəzərdə tutulub.

“Ölkəmizin ən böyük elm və təhsil müəssisəsi kimi son illər BDU-da müasir tələblərə cavab verən elmi infrastruktur formalaşıb. Universitetdə təhsil-tədqiqat-sənaye yönümlü araşdırmalar mərkəzi – Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi (Centre of Excellence) yaradılıb. Burada fəaliyyət göstərən və digər müasir tipli elmi-tədqiqat laboratoriyalarında rəqabətədavamlı innovativ elmi-tədqiqatların aparılması, müxtəlif elm sahələri arasında multidissiplinarlığın təmin edilməsi, elmi nəticələrin sənayedə tətbiqi və kommersiyalaşdırılması, magistrant və doktorantların birbaşa olaraq elmi-tədqiqat laboratoriyalarında yetişdirilməsi üçün ən müasir elmi cihaz, avadanlıq və materiallar, müxtəlif tipli proqramlarla təchiz olunmuş kompüter sistemləri və İT avadanlıqları alınır”, – məlumatda deyilib.

Qeyd olunub ki, bütün bunlar elmi tədqiqatların keyfiyyətini artırır, rəqabətədavamlı elmi araşdırmaların aparılmasına imkan verir.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Azərbaycanda tədqiqat potensialı yüksək olan 2 universitetin bazasında 2 tədqiqat universitetinin yaradılması nəzərdə tutulub.

Gununsesi.info