
Macarıstan parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) çıxmasına səs verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Szijjarto sosial şəbəkə platforması X-də paylaşım edib.
“Macar parlamenti ICC-dən çıxmağa səs verdi. Bu qərarla biz qərəzsizliyini və nüfuzunu itirmiş, siyasiləşmiş bir qurumun tərkib hissəsi olmaqdan imtina edirik,” – deyə nazir bildirib.
Qeyd edək ki, daha əvvəl ölkənin baş naziri Viktor Orban da Macarıstanın Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq qərarını açıqlamışdı. Onun sözlərinə görə, məhkəmə İsraillə bağlı son qərarlarında siyasi mövqe nümayiş etdirdiyindən, artıq etibarlı hüquqi institut kimi qəbul olunmur.
Bundan əlavə, aprelin 3-də İsrailin baş naziri Benyamin Netanyahu məhkəmənin həbs qərarına baxmayaraq Macarıstana səfər edib. Bu, həmin qərardan sonra Netanyahunun ilk xarici səfəri olub.
Məsələ ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin mətbuat xidməti Budapeştin hələ də əməkdaşlıq öhdəliklərinə sadiq qaldığını xatırladıb.
Şəbnəm