Kelloq: Rusiyanın mayın 9-da Ukrayna ilə atəşkəs təklifi absurddur

  • By Günel
  • 29 Aprel 2025 22:57

Rusiya Prezidenti Vladimir Putinin mayın 9-da Ukrayna ilə atəşkəs təklifi absurddur. Atışmanı ən azı 30 gün müddətinə dayandırmaq lazımdır.

Gununsesi.info “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə “Fox News” telekanalında açıqlamasında ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib.

“Üçgünlük atəşkəs ideyası absurddur. Prezident Tramp daimi, hərtərəfli – quruda, havada, dənizdə, o cümlədən infrastrukturda – ən azı 30 gün müddətinə, uzadılma imkanı ilə, atəşkəs olmasını istəyir”, – o deyib.

Kelloq xatırladıb ki, Ukrayna artıq belə bir təkliflə razılaşıb və indi növbə Rusiya tərəfindədir.

Xatırladaq ki, aprelin 28-də Vladimir Putin qoşunlarının mayın 8-dən 10-dək atəşi dayandıracağını açıqlamışdı. Ukrayna Prezidenti Volodimir Zelenski mayın 8-nə qədər gözləməyin mənası olmadığını bildirmişdi. O, həmçinin ABŞ-nin təklifinə uyğun olaraq atəşin bir neçə gün deyil, ən azı 30 gün müddətinə dayandırılmalı olduğunu vurğulamışdı.

Gununsesi.info