
Yaponiya Kiyev administrasiyasına texniki avadanlıq bağışladı. Bu avadanlıq ölənlərin şəxsiyyətini müəyyənləşdirmək və müharibə cinayətlərinə dair sübutları toplamaq üçün istifadə olunacaq.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın dövlət televiziyası NHK-nın məlumatına görə, Yaponiya hökuməti tərəfindən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) vasitəsilə Ukrayna Daxili İşlər Nazirliyinə təhvil verilmiş 7 dəst texniki avadanlığa çoxlu sayda DNT nümunələrini analiz etməyə qadir olan genetik analizatorlar və partlayıcı maddələrin, odlu silah qalıqlarının məhkəmə-tibbi ekspertizasında istifadə olunan qaz xromatoqrafı daxildir.
Kiyev yaxınlığında keçirilən təhvil-təslim mərasimində çıxış edən Ukrayna daxili işlər nazirinin müavini Leonid Tımçenko Yaponiyanın dəstəyinin son dərəcə vacib və zəruri olduğunu vurğulayaraq, ölkədə minlərlə naməlum cəsədin tapıldığını, çoxlu sayda insanın itkin düşdüyünü qeyd edib.
Ukrayna rəsmiləri qeyd ediblər ki, bu cihazlar ölkənin məhkəmə-genetik test imkanlarını iki dəfə artıracaq və identifikasiyanı ən azı iki dəfə sürətli və səmərəli edəcək.
Orxan