Salon sahibi ondan ayrılan keçmiş işçisini həbs etdirib - İDDİA

  • By admin
  • 24 May 2025 10:08

“Mənim oğlum Ümid Balayev keçmiş rəhbəri Nigar Kərimovanın arzusu ilə şərlənir. Buna səbəb isə oğlumun Nigara məxsus salonda çalışmaqdan imtina etməsi olub”.

Bu iddia ilə Gununsesi.info-ya müraciət edən Kəlbəcər köçkünü Sevinc Camalova deyib.

Onun sözlərinə görə, oğlu Nigar Kərimovaya məxsus salonda bir neçə il çalışıb:

Sonradan oğlum yaxşı usta olduğu üçün əlverişli iş təklifi gəlib və onu qəbul edib.

Nigar israrla onun getməməsini istəyib. Sonra açıq şəkildə bildirb ki, polis orqanlarında yaxşı münasibətləri olan şəxslər var və bunun qisasını alacaq. Dediyini edib. Oğlumun tanımadığı bir şəxsi üzünə qoydular ki, guya dələduzluq edib. Halbuki ortada nə səs yazısı, nə vəsaitin alınmasına dair notarial sübut var.

Bir qadının şəxsi istəyi ilə Nəsimi Rayon Polis İdarəsinin 21 ci polis bölməsi onkoloji xəstə olan oğlumu 48 saatdır ki, saxlayır. DİN-nin 102 xidmətinə, Ombudsman Aparatını zəng etmişik. Amma nəticə yoxdur.

Sizin media vasitəsilə DİN rəhbəri cənab Vilayət Eyvazova səslənirəm. Nəsimi polisinin bu qanunsuzluqları dayandırılsın”.

Məsələ ilə bağlı əməkdaşımız Nigar Kərimova ilə əlaqə saxlayıb.

Xanım sahibkarın sualımıza cavabı “Mənim narahat etməyin” deyərək, telefonun dəstəyini asması ilə yekunlaşıb.

Redaksiyadan:

Azərbaycanda geniş yayılmış dələduzluq faktları ilə bağlı araşdırmaların aylarla, hətta illərlə çəkməsi təcrübəsini nəzərə alsaq, bir sübutsuz şikayətə görə xəstə insanı 2 gündür ki, həbsdə saxlamaq bu prosesin sifarişli və qanunsuz olduğunu ifadə edir.

Ümid edirik ki, DİN rəhbərliyi bu olayı ciddi araşdırılmasına müvafiq göstəriş verəcək və Nəsimi Polisinin aidiyyatı şəxsləri barəsində ölçü götürüləcək.

Afət

Gununsesi.info