
Hazırda həbsdə olan Xural TV-nin baş redaktoru Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı Baş Prokurorluğun Ağır Cİnayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində olub.
Bu barədə Gununsesi.info-ya danışan jurnalistin xanımı deyib ki, özünün müraciəti əsasında bu idarədə olub: “Mən dəfələrlə müraciət etmişəm ki, Əvəz Zeynallı iki il əvvəl həbs edilib. Bu müddət ərzində ona və TV-yə məxsus komputerlər, telefonlar, sənədlər, bank kartları və digər avadanlıqlar götürülsə də amma qaytarılmır. İstintaq bitib, apreldən də məhkəmə başlayıb. Təəssüf ki, müstəntiq Teymur Qarayev nə mənim, nə də vəkillərin müraciətini nəzərə aldı, əksinə, bizi telefonunda blokladı”.
Məlahət Zeynallının sözlərinə görə, adışəkilən idarənin rəis müavini Qasım Məmmədovla görüşüb və şikayətini ona bildirib: “O, məni dinlədi və söz verdi ki, yaxın zamanlarda məsələnin həllinə çalışacaq”.
Baş redaktorun xanımı onu da əlavə edib ki, Avropa Məhkəməsinin qərarı ilə Əvəz Zeynallının əvvəlki işi üzrə hökumətdən aldıqları təzminatı da müsadirə ediblər.
Günay
Gununsesi.info