
“Publish What You Pay (Ödədiyini Açıqla) Beynəlxalq Təşkilatının Avrasiya Regionu üzrə Qlobal Şura üzvü, “Demokratiya Monitoru” İctimai Birliyinin sədri, BMT İnkişaf Proqramının eks baş məsləhətçisi – Fuad Həsənov COP29 ərəfəsində Azərbaycanda insan haqlarının durumu haqqında ASTNA-ya danışıb.
Qlobal və regional proseslər sürətlə getdiyini vurğulayan hüquq müdafiəçisi deyib ki, Azərbaycan işğal altında olan ərazilərini azad etsə də yekun sülh müqaviləsi hələ də imzalanmayıb, regionda perspektiv reinteqrasiya məsələləri açıq olaraq qalır, prosesə müsbət töhfə verə biləcək tərəfləri rasional nəzərə almaq ehtiyacı var, münasibətləri korlamaq zərərlidir:
”Bundan başqa işğaldan azad edilmiş Qarabağ və ətraf rayonların bərpası uzun, ağır və maliyyə tutumlu bir prosesdir, bu işi Azərbaycanın təkbaşına, beynəlxalq dəstəksiz edə bilməsi çox çətin görünür.
Bu mənada Azərbaycanın ölkədə insan haqlarının durumunun yaxşılaşdırılması, siyasi məhbusların azad edilməsi, vətəndaş cəmiyyəti və azad mediaya basqıların dayandırılması və sair problemlərin həlli ilə bağlı davamlı beynəlxalq çağırışları qulaqardına vurması mümkünsüzdür. Görünən isə hakimiyyətin məqsədinin bacardıqca son mərhələyədək prosesi uzatmaq, mümkün manevrlər üçün daha çox vaxt qazanmaq, danışıq masası üzərində mümkün qədər daha çox müzakirə və anlaşa bilmək üçün mövzu saxlaya bilməkdir. Azərbaycan üçün beynəlxalq və regional əməkdaşlıqda imic məsələsi hələdə qapadılmamış qalır, COP29-a daha yaxın ərəfədə hakimiyyətin gecikmiş olsa da bir sıra adekvat qərarlar alması mümkündür. Bu istiqamətdə tələblər həm açıq, həm diplomatik kanalarlarla həm də müxtəlif beynəlxalq mexanizmlər vasitəsilə aydın meyarlar və şərtlər əsasında edilməlidir.”
Elmar
Gununsesi.info