Çingiz Qənizadə: “Namizədliyimlə bağlı qərarı YAP verəcək”

  • By admin
  • 02 İyul 2024 16:16

Keçmiş Bakı Şəhər Prokuroru, hüquq müdafiəçisi Çingiz Qənizadə Yeni Azərbaycan Partiyasına üzv olub.

Gununsesi.info-nun xəbərinə görə, Qənizadə bu barədə demokrat.az saytına müsahibəsində deyib.

“Hələ İkinci Qarabağ savaşından öncə bəyan etmişdim ki, əgər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğalçı Ermənistan üzərində qələbə çalıb ərazi bütövlüyümüzü təmin edəcəksə, o zaman niyə də həmin partiyada olmayım.

Digər tərəfdən cənab Prezident İlham Əliyevin liderliyi altında xalqın sıx həmrəyliyini, birliyini təmin edib növbəti uğurlar əldə edilməsi məqsədi ilə YAP-ı seçməli oldum. Çünki cənab Prezidentin rəhbərliyi altında davamlı uğurlara, qələbələrə imza atsaq da, bu qələbələrimizi həzm etməyən yetərincə qüvvələr var və onlar ölkəmizə qarşı  təzyiq və  çirkin informasiya siyasətini həyata keçirməkdədirlər. Hələ İkinci Qarabağ savaşından öncə bəyan etmişdim ki, əgər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğalçı Ermənistan üzərində qələbə çalıb ərazi bütövlüyümüzü təmin edəcəksə, o zaman niyə də həmin partiyada olmayım”.

Sonuncu parlament seçkilərindəki uğursuzluğu haqqında danışan Çingiz Qənizadə bildirib ki, Bakıdakı müəyyən qüvvələr o zamanki icra başçısı Vilyam hacıyevlə birlikdə ona mane olub.

Qarşıdakı seçkilərdə iştirak edib-etməyəcəyinə dair suala isə Qənizadə belə cavab verib:

Deyim ki, bununla bağlı  digərləri tərəfindən mənə bir çox zənglər olub. Onlar mənim namizədliyimi irəli sürüb-sürməyəcəyimlə bağlı mövqeyimi öyrəniblər. Dedim ki, mən hakim Yeni Azərbaycan Partiyasının üzvüyəm və partiyanın qərarı olmadan namizədliyimi irəli sürə bilmərəm. Bu partiyanın verəcəyi qərardan asılı olan məsələdir.  

Fəaliyyət gəldikdə isə son 4,5 ildəki fəaliyyətimlə bağlı arayış partiyaya da təqdim olunub. Ümid edərim ki, bu fəaliyyətimə partiyada da müsbət qiymət veriləcək. Misal olaraq deyim ki, son 4,5 ildə mənim telekanallarda 659, radiolarda 61, rəsmi mətbuatda 437, digər KİV-lərdə isə 3400 dəfə çıxışlarım, müsahibələrim, açıqlamalarım olub. Mediyaya bu açıqlamalarımda ölkə başçısının yürütdüyü siyasəti hüquqi cəhətdən əsaslandırılıb.

Bir daha qeyd edirəm ki, bu partiyanın qərarından asılı olan məsələdir. Olmasa belə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sıravi əsgəri olaraq aktiv fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik”.

 

Gununsesi.info