
“Pul düşünülən yerdə nə istedad, uğurlu kino, tamaşa əsərləri, nə də sənət olar”
Daş dövründən bu yana insanların tamaşaya həmişə ehtiyacı olub. Qərinələr, əsrlər keçdikcə tamaşalar formalaşaraq səhnələrə köçürülüb. Getdikcə daha da nəhəng forma halını alıb teatr, kino məfhumuna çevrilərək bütün dünyanı özünə valeh etdirməyi bacarıb. Qətiyyətlə deyə bilərik ki, kino erası heç bir dövrdə bitməyəcək, əksinə qlobal maraq olaraq heç zaman aktuallığını itirməyəcək. Bunu çoxdan görən dünyanın düşünən beyinləri bu yöndə hər gün yeni-yeni işlər görüb uğurlara imza atır, bəşəriyyəti yaxşı mənada heyrətə gətirməyi bacarırlar.
Bəs öz mənbəyini uzaq keçmişlərdən – qədim xalq oyunlarımızdan alan milli teatrımızın və Azərbaycan kinosunun bu gün dünya standartlarına cavab verə bilirmi?
Sumqayıt Dövlət Teatrının aktyoru Əjdər Zeynalov bu aktual mövzu ilə bağlı Gununsesi.info -nun suallarına aydınlıq gətirib.
– Əjdər müəllim, çox istedadlı yazıçı, aktyorlar, teatr və teatr binaları var, lakin tamaşaçı audutoriyası yox dərəcəsindədir. Bu təzadı doğuran amillər nələrdir?
–Tamaşacı da var, azdır. Tamaşaçını oraya cəlb etmək lazımdır. Bunun üçün istər teatrda, istər kinoda gərək mövzu gözəl olsun. Yəni gözəl əsərlər olsun, əsərləri obraza çevirməyi bacaran gözəl aktyorlar olsun.Yəni əsasən mövzu və peşəkar rejissorla aktyorun iş vəhdəti olduqda əlbəttə, nəinki tamaşaçı, tamaşaçı axını olar.
–Niyə yoxdur o tamaşaçı axını?
–Çünki taşaçını küsdürüblər. Elə tamaşalar var ki, tamaşaçı çoxdur və həmin tamaşa bəyənilir, sevilir, tamaşa da var ki, nə audutoriyası, nə də yadda qalarlığı var. Səbəb isə qeyri-peşəkarlıq və bu işin öhdəsindən gələ bilməməkdir.
–Nəyə görə əvvəlki kinolar, tamaşalar çəkilmir? Xalqın yaddaşından silinməyən o aktyorlar, o sənət fədailəri, o obrazlar niyə yoxdur?
– Bir mənalı şəkildə xalq hər zaman haqlıdır. Çünki el gözü tərəzidir, deyiblər. Bilirsiniz necədir, indiki vaxtda hər sahədə maddiyyat üstünlük təşkil edir. Yəni pul güc mənbəyinə çevrilib.Yəni kimin harada işləməyindən asılı olmayaraq, insanların beynində ancaq maddiyyat, gəlir əldə etmək sevdası dayanır. Bu da bir gərçəklikdir ki, pul olmayan yerdə nə sənət olur, nə kino, mədəniyyət, nə siyasət, elm, ümumiyyətlə heç nə inkişaf edə bilmir.
–Axı istedad buna baxmır, o bir yerdən baş qaldırıb şaxələnməlidir.
Haqlısınız, istedad var, ancaq bəla da orasındadır ki, bu işə rəhbərlik edən insanların 90%-i istedadsız, bu peşəyə təsadüfü yolu düşənlər və ya kiminsə əli ilə burada olan insanlardır. Onlar da sənəti deyil pulu düşünür. İstedadlar çoxdur, ancaq əksəriyyət kənarda qalıb deyə bilərəm.
–Əjdər müəllim bax o istedada bu qədər ehtiyac varkən onlar niyə kənarda qalıblar?
Yenə də maddiyyat! Fikrimə açıqlıq gətirim. Təzəlikcə kino şöbəsi də yaradılıb. Orada baxılır, seçilir, təsdiq etdikdən sonra bura nə qədər pul ayırılacağı hesablanır. Məsəl üçün, elə layihələr var ki, orada təkcə dövlət yox, xüsusi qurum və s. bu smetaya pul keçirir. Bu bütün dünyada belədir. Bax bu hallarda istedadlılar müxtəlif yollarla kənarda qala bilir.
–Bu qədər vəsait ayrılıb kino çəkilir, istedadlı aktyorlar və rejissorlar çoxdur deyirsiniz. Bəs nəyə görə bu qədər çəkilən kinolar nəinki, Azərbaycanın sərhədlərindən kənara çıxa bilmir. Bu qədər dünyada film festifalları, fərqli adlarda möhtəbər mukafatlar, naminasilar və s. var, Azərbaycan kinosu niyə bunlara layiq ola bilmir?
–Bəlamız odur. Mən yenə də deyirəm, bizdə yaxşı aktyor, rejissorlar, ssenari də var. Yaxşı imkanlı şəxslər və müasir texnika da var. Ancaq niyə inkişaf yoxdur, çünki istedadlı insanlar qapı-qapı düşüb gəzmir. Sadəcə gözləyirlər ki, nə vaxtsa, dövlət tərəfindən bir layihə olarsa, onlar önə çıxıb işlərinin öhdəsindən yüksək səviyyədə gəlsin. Kinolara da tanış-tunuş çəkilir. Dövlət səviyyəsində filmlər isə çox azdır.
–Bir peşəkar kimi deyə bilərsinizmi, nə etmək lazımdır ki, kino və tamaşa sahəsində ciddi tərəqqi, inkişaf olsun?
–İlk növbədə aidiyyatı qurumlarda islahatlar getməlidir. Peşəkarlar dəvət edilib, ideal səviyyədə vəsait ayrılmalıdır. Deyərdim ki, tək peşəkar yox novator insanlar olmalıdır, eyni zamanda dünya kinosuna yaxından bələd olan insanların müştərək və məhsuldar işi. Bilirsiniz, indi heç kim heç kimin xatirinə dəymək, onu narazı salmaq istəmir. Beləliklə, bu işə də təsadüfi adamlar gəlir və bilmədiiyi işlə məşğul olur. Əlbəttə belə halda uğurdan və gözəl nəticədən söhbət gedə bilməz. Faciə də burasıdır ki, bu cür qeyri-peşəkarlar nəinki bu işdə işləyir hətta xüsusi vəzifələrə gətirib idarə etməyə başlayır. Bax, uğursuzluq da buradan başlayır. Baxın, mən ömrünü bu sənətə qurban vermiş sənət fədailərindənəm. Mən xalq artisti olmalı idim, gəl gör ki, heç əməkdar artist də deyiləm. Bu məni təbii ki, məyus edir.
Hazırda Sumqayıt teatrında işləyirəm. Çox gözəl kollektivlə işləyirəm. Onu da qeyd edim ki, Sumqayıt teatrının kollektivinə, sənətə və sənətkara dəyər verən rəhbəri var.
Aynur Turan
Gununsesi.info