
Xəbər verdiyimiz kimi Mədəniyyət Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlərinin təşkili sektorunun müdiri Mənzərxanım Nurəliyeva ilə şair Vüqar Əhməd və qızı, tanınmış müğənni Almaxanım Əhmədli arasında qalmaqal yaşanıb.
Qalmaqalın kökündə Vüqar Əhməd və Almaxanım Əhmədlinin Mənzərxanım Nurəliyevanın sektor müdiri kimi fəaliyyətindən narazılığı dayanır.
Onlar Nurəliyevanın Mədəniyyət Nazirliyində monopoliya yaratdığını, sənət adamlarının dövlət tədbirlərində iştirakına mane olduğunu, özbaşınalığın hökm sürdüyünü bildirmişdilər.
Qeyd edək ki, muğam ifaçısı dünən daha bir qalmaqallı açıqlama verib. O bildirib ki, sənət adamları ilə, Özbəkistanda Azərbaycan Mədəniyyət Günlərində olublar:
“Mənzərxanım xalq artistlərini sıraya düzüb, danlayıb üstlərinə qışqırıb ki, “yeməyinizi vaxtında yeyin də, mən niyə sizi burada gözləməliyəm? Niyə gecikirsiz? Xalq və əməkdar artistləri də başlarını aşağı salıb, məzlum ifadə ilə Mənzərin danlaqlarını dinləyirlərdilər. Ən çox da ona pis oldum ki, bu cür sənətkarlar niyə onun danlağını götürürlər?” , – deyə muğam ifaçısı bildirmişdir.
Məsələ ilə bağlı Gununsesi.info Mədəniyyət Nazirliyinə sorğu ünvanlayıb. Sorğumuza cavab olaraq bildirilib ki, bu tipli tədbirlərin təşkili xüsusi proqram əsasında hazırlanır. Mədəniyyət Nazirliyi tərəfindən dövlət tədbirləri üçün bədii proqramların təşkili müvafiq mütəxəssislərin iştirakı ilə kollegial qaydada həyata keçirilir:
“Dövlət tədbirləri zamanı konsertlər üçün repertuarın təsdiq olunması, həmçinin iştirak edəcək incəsənət ustalarının seçimi xüsusi diqqətlə aparılır. Bu məsələyə həssas yanaşmanın nəticəsidir ki, ölkəmizdə və xaricdə təqdim olunan sərgilər, konsert və tamaşalar böyük maraqla qarşılanır. Təsadüfi deyil ki, həm Azərbaycan, həm də xarici ölkələrin media qurumlarında, eyni zamanda sosial şəbəkələrdə mədəniyyətimizin yüksək səviyyədə təqdimatı razılıq doğurur, təqdir edilir.
Bir daha qeyd edirik ki, bu prosesdə heç bir qanunsuz müdaxilədən söhbət gedə bilməz”, – deyə nazirlik bildirib.
Mövzu ilə bağlı Gununsesi.info -ya danışan kamança ifaçısı Şəhriyar Musayev isə bildirib ki, orada tək Mənzərxanım deyil. Onunla yanaşı sektor müdiri İsmayıl müəllim də vardı. Hazırda fəaliyyət göstərdiyini bilmirəm, ancaq Fərəh xanımın dövründə onlar bir komanda olaraq fəaliyyət göstərirdilər:
“Bildiyiniz kimi Beynəlxaq müsabiqələr və Respublika müsabiqələri laureatıyam. Sahəmizdə yetəri qədər nailiyyətimiz olan bir ifaçılardanıq. Hər zaman mənə Beynəlxalq təşkilatlardan gələn dəvət məktublarına Mənzərxanım Nurəliyeva və bu xanımın komandası dəfələrlə “yox” cavabı verib və qarşı tərəfi ittiham edərək onlara bildiriblər ki, bura bizim qurumdur, siz bizdən sənətçi istəyə bilməzsiniz, biz sizə sənətçini göndərə bilərik. Biz öz işimizi sizdən daha yaxşı bilirik. Beləcə, mənim adıma gələn məktublar Mədəniyyət Nazirliyində təəssüflər olsun ki, qıcıq yaradıb. Və onlar mənə gələn məktublara dəfələrlə rədd cavabı veriblər, hər dəfə də bildiriblər ki, büdcədə vəsait yoxdur və digər alternativ bəhanələr edərək məni Qastrol səfərlərinə göndərməyiblər”.
Şəhriyar Musayev bu problemlərin təkcə bu il yox, 10 ildən çox olduğunu bildirib: “Konservatoriyada 2010 – cu ildən tələbə olduğum dönəmlərdən bəri nə qədər Qastorl səfərlərinə dəvət məktubları gəlib, bu xanım rədd cavabı verib. Amma qarşı tərəf buna baxmayaraq, mənim sənətimə qiymət verərək, bütün məsrəflərimi- qonorar, uçuş pulu, otel pulumu qarşılayıb. Ancaq mənim mədəniyyətimə xidmət edən Mədəniyyət Nazirliyi bunu etməyibdir. Ona görə də, mən də Vüqar Əhməd və Almaxanımın bu haqlı məsələsinə zərərçəkmiş bir sənətçi olaraq biganə qala bilməzdim. Bəli, Almaxanım haqlı irad bildirib, ancaq təəssüf ki, Mədəniyyət Nazirliyi bu faktları təkzib edir”.
Günel Həsənova
Gununsesi.info