“İncəsənət adamlarının qarşısını kəsmək erməni hərəkətidir…”

  • By Günel
  • 23 Sentyabr 2024 11:49

Son günlər ölkənin bir sıra Mədəniyyət və İncəsənət adamları Mədəniyyət Nazirliyinə qarşı ittihamlar irəli sürüb.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlərinin təşkili sektorunun müdiri Mənzər Nurəliyeva ilə şair Vüqar Əhməd və qızı, tanınmış müğənni, muğam ustası Almaxanım Əhmədli arasında qalmaqal yaşanıb. Onlar Mənzər xanımın sektor müdiri kimi fəaliyyətində narazıdırlar. Onun Mədəniyyət Nazirliyində monopoliya yaratdığını, özbaşınalığın hökm sürdüyünü, sənət adamlarının dövlət tədbirlərində iştirakına mane olduğunu bildiriblər.

Məsələ ilə bağlı daha bir sənətçi məşhur caz ifaçısı, müğənni Təranə Mahmudova Gununsesi.info – ya açıqlamasında həmkarlarının söylədiklərinə dəstək verib:

“Bu problemlər artıq neçə illərdir baş verir. Fikirləşirəm ki, bunun axırı necə olacaq? Ümumiyyətlə, Mənzər xanım Azərbaycan musiqi mədəniyyətinin demək olar ki, düşmənidir. Bu barədə yazmışam da. Mən iki uşağı evdə qoyub caz musiqisi ilə məşğul oluram. Baxmayaraq ki, esterada musiqisində hörmətim var, ancaq mənim ən böyük arzularımdan biri Azərbaycanı caz vokalçı kimi xaricdə təmsil etməkdir. Ona görə caz vokal üzərində çox işləyirəm. Bilirsiz ki, caz elə bir musiqi janrıdır ki, dünyada kütlə musiqisi deyil. Bakıda məkanların birində həftədə bir dəfə çıxışım olur və sırf caz ifa edirəm”.

Təranə Mahmudova şəxsən öz təşəbbüsü ilə bir neçə dəfə caz konserti verdiyini bildirib:

“Bir dəfə Caz Festivalda, iki dəfə Beynəlxalq Muğam Mərkəzində caz konserti etmişəm və dünyanın məşhur musiqiçilərini konsertimə dəvət etmişəm. Məsələ burasındadır ki, dəfələrlə dediyimə baxmayaraq, Mənzər Nurəliyeva heç vaxt məni heç bir tədbirə salmır və heç bir yerə də göndərmir. Üzr istəyirəm, bəlkə də bu ifadəm düzgün olmayacaq, çox iyrənc bir insandır. Çünki Azərbaycan İncəsənət adamlarının qabağını kəsmək erməni kimi bir şeydir”.

Günel Həsənova

Gununsesi.info