Zelenski ABŞ-da silah zavodunda olub

  • By admin
  • 23 Sentyabr 2024 11:47

Ukrayna prezidenti Volodimir Zelenski Pensilvaniyada silah zavodunda olub. Bu zavodda onun ölkəsinin Rusiya işğalına qarşı mübarizəsi üçün vacib sursat istehsal edilir.

 

Gununsesi.info-nun xəbərinə görə, bu barədə ABŞ mediası yazıb.

Bildirilir ki,Zelenski bu həftə ABŞ-də prezident Co Bayden (Joe Biden) və digər liderlərlə görüşməlidir.

Skranton zavodu ABŞ-da 155 mm-lik artilleriya mərmiləri istehsal edən azsaylı müəssisələrdəndir. 2022-ci ildə müharibə başlayandan Ukrayna milyonlarla belə komplekt mərmi işlədib.

Ukrayna prezidenti Rusiyanın dərinliklərində aerodromları, silah depolarını vurmaq üçün ABŞ-nin uzaqvuran raketlərindən istifadəyə icazə alacağına ümid edir. Zelenski daha öncə deyib ki, prezident Baydenlə görüşdə döyüşdə qələbə üçün planını açıqlamalıdır. Söhbət Rusiya ilə qarşıdurmada strateji plandan və Ukraynanın şərtləri əsasında sülh əldə etməkdən gedir.

“Bloomberg”in yazdığına görə, plana Ukraynanın ilin sonunadək NATO-ya üzvlük üçün rəsmi dəvət almasının vacibliyi də qeyd olunub.

Zelenski BMT-nin Baş Məclisində çıxış edəcək. Sentyabrın 26-da isə Ağ evdə ABŞ prezidenti Co Baydenlə görüşməlidir. Zelenskinin ABŞ prezidentliyinə hər iki namizəd – Kamala Harris və Donald Trampla görüşləri planlaşdırılır.

Ukrayna prezidenti ABŞ-yə gedərkən yazdığı videomüraciətində deyib ki, “bu payız bu müharibədə daha sonra nə olacağı həll olunur”.

O, “The New Yorker” nəşrinə müsahibəsində prezident Baydenin Ukraynanın planına dəstək verməməsi fikrini “dəhşətli” adlandırıb. Onun sözlərinə görə, bu, böyük qurbanlarda çox uzun müharibəyə səbəb olardı.

Hazırda Rusiya qüvvələri Ukraynada bir neçə istiqamətdə hücuma keçiblər. Özəlliklə, Donetsk vilayətində Pokrovsk, Kuraxovo və Uqledar istiqamətlərində müdafiəyə təhdid yaranıb. Ukrayna qüvvələri isə Kursk vilayəti istiqamətində əməliyyatları davam etdirirlər. Onlar avqustun əvvəlində girdikləri bu vilayətdə tutduqları ərazilərin böyük hissəsində əllərində saxlayırlar.

 

Gununsesi.info