Dünya Azərbaycana, bizim media isə Qurban Qurbanova qarşı mübarizə aparır - Aslan İsmayılov

  • By ilhame
  • 29 Avqust 2024 23:00

Bütün dünya mətbuatı ermənilər tərəfindən Azərbaycan Dövlətinə, Hakimiyyətin nəzarətində olan mətbuat isə Qurban Qurbanova qarşı mübarizə aparır.

 

Bir çoxları deyə bilər ki, bundan hakimiyyətin xəbəri yoxdur, yalandır, inanmayın. Mətbuata nəzarət edənlər bu prosesi yaxşı bilir və idarə edirlər. Bunun üçün ilk dəfə köynək qiymətini kimlərin ortaya atdığını, sonra isə bu mövzunu gündəmdə saxlayanlara fikir verin və Sizə hər şey aydın olacaq.

 

Başqa bir bəhanə də gətirə bilərlər ki, biz artıq olan mövzu haqqında məlumat verdik. Bu da məlumatın yayılma metodlarından biri olduğundan yalandır və bilə-bilə mövzu gündəmdə saxlanılır.

 

Deyə bilərlər ki, Qurban Qurbanovun bahalı köynək geyinməsi niyə onun əleyhinə olan məlumat olsun. Bunun da cavabı çox sadədir. Uzun illər sovet təbliğat maşınının təsiridir ki, bu gün də Azərbaycan Xalqı qəhrəmanını ya dar ağacında, ya da dilənçi günündə görmək istəyir.

 

Qısaca da olsa Qurban Qurbanovun köynəyinin qiyməti barədə. Bu gün dünyada ən çox pul dövriyyəsi olan sahələrdən biri də futboldur və artıq milyoner yox, milyarder futbolçular var. Ronaldu və Messi nümunədir. Qurban Qurbanov və onun yaratdığı Qarabağ FK isə bu gün dünyada tanınır və Qurban Qurbanov istənilən vaxt xaricdə ili milyonlara məşqçi kimi çalışa bilər. Ona görə də bu Kişinin ən bahalı geyimlərdə olması onun haqqıdır.

Aslan İsmayılov

Gununsesi.info