Bu yollar “Formula 1”ə görə bağlanır

13-15 sentyabr tarixlərində baş tutacaq “Formula 1” Qatar Airways Azərbaycan Qran Prisi 2024 ilə əlaqədar logistik əməliyyatların həyata keçirilməsi məqsədilə sentyabrın 7-i gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Gununsesi.info-ya verilən məlumata görə, məhdudiyyət tədbirin sonunadək davam edəcək.

Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 9-u gecə saat 01:00-dən etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Hərəkət 17 sentyabr, səhər saat 8:00-dan etibarən bərpa olunacaq.  

Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinini keçdiyi ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış Yerinə Giriş İcazəsi” veriləcək. Qeyd olunan  sənədi paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən, cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:

Zona 1 – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

Böyük Qala küçəsi 41, keçmiş ensiklopediya binası, 4-cü mərtəbə

Tel: (012) 497-35-89

Zona 2 – Mənzil-Kommunal və İstismar İdarəsi № 4

Xəqani küçəsi 26/32

Tel: (012) 498 88 06

Zona 3 – Mənzil-Kommunal və İstismar İdarəsi № 58

İstiqlaliyyət küçəsi 5

Tel: (012) 492 41 85

Qeyd edilib ki, “Yaşayış Yerinə Giriş İcazəsi”nin paylanması 29 avqust tarixindən başlayıb 13 sentyabradək davam edəcək. 

Hər il olduğu kimi, bu il də Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.

 

 

Gununsesi.info