Bu təklifdən imtina edən evsizləri həbs edirlər

  • By Günel
  • 21 Aprel 2025 12:50

ABŞnin Kaliforniya ştatının San Xose şəhərində sığınacaq təklifindən üç dəfə imtina edən evsiz şəxslərin saxlanıla biləcəyi açıqlanıb. Şəhərin meri Matt Mahan, söz mövzusu tətbiqi yeni büdcə planına daxil etməyi hədəflədiklərini açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, San-Fransiskodan təxminən 77 kilometr cənubda yerləşən San Xosedə müvəqqəti yaşayış yeri və sığınacaqlar üçün maliyyələşdirmə planlaşdırılır.

Hazırda motellərdə, dayanacaqlarda və 1000 nəfərə qədər adam yerləşdirə bilən kiçik evlərdə müvəqqəti yaşayış yerləri fəaliyyət göstərir.

Plana əsasən, evsizlərə ilkin olaraq xəbərdarlıq və ya cərimə ediləcək. İctimai torpaqlardan icazəsiz istifadə (icazəsiz düşərgə salmaq -red.) əsası ilə sığınacaq təklifindən üç dəfə imtina edənlər barəsində məhkəmə icraatı aparıla bilər. Ancaq Bələdiyyə Başçısı Mahan bu tətbiqin son çarə olduğunu vurğulayıb.

San Xosedə sığınacaqsız yaşayanların sayı təxminən 5477 nəfərdir. Həmin şəxslərdən 541 nəfərinin mənzil yardımından imtina etdiyi bildirilib. Mahan bu şəxslərin böyük əksəriyyəti xroniki evsizlik, asılılıq və ya davranış sağlamlıq problemləri ilə mübarizə apardığını bildirib:

“Bir şəxs mətbəxi və vanna otağı olan tamamilə yeni bir mənzildən imtina edərsə, artıq bu insana kömək edə bilməyəcəyimiz nöqtəyə gəlmişik.

San Josedə tikilmiş müvəqqəti yaşayış yerlərində evsiz şəxslərə partnyorlarını, ev heyvanlarını və əşyalarını özləri ilə gətirməyə icazə verilir. Xüsusi vaxt məhdudiyyəti olmayan bu yaşayış yerlərində bəzi şəxslər bir neçə ay, bəziləri isə illərlə qala bilər.

Mahan qeyd edib ki, məqsədimiz cəzalandırmaq deyil:

“Mən narkomaniya və ya psixi sağlamlıq problemləri olan insanları mühakimə etmirəm, amma onları qəbul etmək, onlara müalicə, reabilitasiya və yaxınları ilə yenidən əlaqə qurmaq imkanı vermək, cəmiyyətin məsuliyyətidir.”

İcazəsiz düşərgə ilə bağlı ittihamlar şəhərin davranış sağlamlığı məhkəmələrinə göndərilir. Burada hakim səhiyyə ekspertlərinin rəyinə əsasən həmin şəxsin məcburi müalicə olunub-olunmayacağına qərar verir. Saxlanılan şəxslər həbsxanaya göndərilmir.

Mahan sığınmaqdan imtina edənlərlə bağlı qeyd edib:

“Sığınmaqdan imtina edən şəxslərin törətdiyi yanğınlar, çirklənmə və ictimai təhlükəsizlik problemlərini nəzərə alsaq, şəhərimiz məhdudiyyətsiz küçə həyatına tolerantlıq göstərə bilməz. Bu təcrübəni qəbul etməyənlər başqa şəhərlərdə yaşamağı seçə bilərlər”.

Kaliforniyada təxminən 187.000 insanın küçələrdə yaşadığı təxmin edilir. San Xose bu problemlə mübarizə aparan bir çox şəhərdən yalnız biridir.

Günel Həsənova

Gununsesi.info