Putinin “Pasxa atəşkəsi” başa çatır, hücumlar yenidən başlayır

  • By Admin2
  • 21 Aprel 2025 12:11

Rusiya və Ukrayna bir-birini bir günlük atəşkəsi pozmaqda ittiham etməyə davam edərkən, gecə yarısından sonra Ukraynada hücum sirenləri səslənib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Pasxa bayramı münasibətilə elan etdiyi atəşkəs bazar ertəsi, aprelin 21-də gecə yarısı başa çatıb. Gecə yarısından bir neçə dəqiqə sonra, paytaxt Kiyev də daxil olmaqla, Ukraynanın şərqində bir çox bölgəyə hava hücumu olub.

Ukrayna Hərbi Hava Qüvvələri, Rusiyanın gecə saatlarında 96 pilotsuz uçuş aparatı (PUA) və 3 raketlə hücuma keçdiyini və hücumların Xarkov, Dnepropetrovsk və Çerkassı bölgələrində zərər verdiyini açıqlayıb. Hava hücumundan müdafiə bölmələrinin 42 PUA-nı vurduğu, 47 PUA-nın isə elektron döyüş üsulları sayəsində hədəflərinə çata bilmədiyi bildirilib.

Ukrayna prezidenti Vladimir Zelenski atəşkəs hələ də davam edərkən verdiyi açıqlamada Putinin atəşkəs elanını “saxta ictimaiyyətlə əlaqələr” hərəkəti kimi qiymətləndirib və atəşkəs dövründə Rusiya qoşunlarının hücumlarını davam etdirdiyini bildirib. 

Orxan

Gununsesi.info