
“Yəhya Sinvar öldürüldü!”
Azərbaycan mətbuatının şərhi və dünya mətbuatının qənaətləri bir-birinə dəyib.
Suallar, adətən, bu rakursdadır:
“Yəhya Sinvarın ölümü hansı prosesə təsir edəcək, Qəzzan döyüşü hansı istiqamətə gedəcək?”
Ümumiyyətlə, kimdir Yəhya Sinvar?!
62 yaşında döyüşərək meydanda ölən Sinvar 1962-ci ildə “Xan Yunis qaçqın düşərgəsi”ndə anadan olub.
Sonrası isə məlum, ömür məşəqqət, məhbəslər içrə keçib, nəhayət, mübarizəsi uğrunda da şəhid oldu.
Bəli, məhz şəhid. Fəqət bu ölümə müxtəlif yozumlar var.
İsrail tərəfi onun İsrail əsirlərinin arasında gizləndiyi desə də, bir çox mənbə onun üç nəfərlə açıq döyüşdə şəhid olduğunu deyir.
Bəs niyə şəhid?
İstər İslami qayda da, istərsə də dünyəvi düşüncədə torpaq və ümumən təmiz, bəşəri ideyalarını qorumaq uğrunda mübarizədə həlak olan şəxs şəhiddir.
Üstəlik, onun həyatına baxsaq, (İsrail tərəfindən 22 il həbs) şəhidlik statusu cəsədinin üstünə kəfən kimi oturur.
Qaçqın düşərgəsində doğul, mübarizən uğrunda ömrün düşmən əlində məhbəsdə keçsin, sonra da döyüşərkən öl. Bu, elə belə məsələ, ömür, gün deyil.
Əl-qərəz.
Əslində, Sinvarın ölümü bir çox problemlərə yol aça bilər.
Əvvəla, onun HƏMAS lideri seçilməyi uzun müddət deyil. Bunun Qəzzadakı savaşlara hansısa formada təsir etməsi də qaçılmaz deyil.
Qısa bir müddətdə qurulan planlar, istiqamətlər-hamısı ərşə çəkildi.
Sinvarla döyüşün istiqaməti(daha dəqiq, radikallığı) Haniyəyə nisbətdə dəyişmişdi.
Çünki onun HƏMASA lider seçilməyi ilə etdiyi döyüş taktisının miqyası böyük idi. Ötən il İsrail-Qəzza toqquşmasında İsrail tərəfinin itkisi Yəhyanın qısa müddətdə öldürülməsinə zəmin yaratmışdı. İsrail bu baxımdan bütün gücünü səfərbər etmişdi.
Sözsüz, bu məqamda Sinvarın İsrail tərəfindən öldürülməsi uğur, o cümlədən fələstinlilərə psixoloji qorxu ola bilər. Ki, onsuz da, İsrail tərəfi Sinvarın ölümünü hazırsa belə hesab edir.
BƏS SİNVARIN ÖLÜMÜ İLƏ QƏZZA SAVAŞI TAMAMİLƏ LƏNGİYƏ BİLƏRMİ?
Ola bilsin, ilk baxışdan belə görünər. Lakin, Sinvar nə ilkdir, nə də son. Sivardan əvvəl öldürülənlərə də baxsaq, nikbinliyin olduğunu açıq-aşkar görmək olar.
Daha dəqiq, elə Haniyənin ölümünə. Elə Haniyə də liderlikdə Sinvardan geri qalmırdı. Yeri gəlmişkən, hər iki HƏMAS liderinin həyatları, mübarizə yolları arasında oxşar tale var. (Hər ikisinin qaçqın düşərgəsindən çıxması)
Haniyə öldürüləndən sonra da eyni şərhlər baş qaldırmışdı. Onda da HƏMAS-ın təslim olmasının labüdlüyü, mübarizəni dayandırmasının mütləqliyi vurğulanırdı. Amma bu, belə olmadı.
Görünür, Fələstin üçün Sinvarlar bir ölüb, min dirilirlər.
Bütün müstəvilərdə zəif olan Fələstin, daha dəqiq, “Fələstin dövləti ideyası” öləzimək bilmir.
İndiyədək Qəzza bombalanır, dinc sakinlər öldürülür, amma qorxu, geri çəkilmək prosesi getmir.
YAXŞI, BƏS SİNVARI FƏRQLƏNDİRƏN XÜSUSİYYƏT NƏ İDİ?
HƏMAS lideri adətən, xaricdə yaşayır(Haniyə). Lakin Sinvar bu ideyanı daha da irəli çəkmək üçün bir taktikası da məhz meydanda qalmaq, həp birlikdə döyüşmək idi. Onun ölümünü də məhz bu tezləşdirmişdi.
Haniyə Sinvara nisbətdə daha çox razılığa gəlməyə meyilli olsa da, Sinvar tam bir idealist idi. O, bu dünyada bir amal uğrunda yaşayırdı:
“CİHAD!”
Bir sözlə, Sinvarı kimin əvəz etməsindən, ideyaları davam etdirməsindən asılı olmayaraq, onun ölümü ən pis halda mübarizə prosesini ləngidəcək. Lakin razılaşma, geri çəkilmə prosesləri, görünür, olmayacaq, hərbi, döyüş əməliyyatları davam etdiriləcək. Ən yaxşı halda isə girovlarla bağlı danışıqlar olacaq. O isə HƏMAS-ın növbəti liderinin taktikasından asılı olacaqdır.
Orxan Saffari